Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Müəllimlərlə bağlı fərmanın icrası zamanı bərabərlik prinsipi gözlənilməlidir

Müəllimlərlə bağlı fərmanın icrası zamanı bərabərlik prinsipi gözlənilməlidir


Müəllimlərin və direktorların əmək haqlarına əlavələrin edilməsi alqışa layiq olsa da, icra zamanı bərabərlik prinsipinin pozulduğunu düşünürəm.

Bir qrup savadlı müəllimin maaşına 35% əlavə edildiyi halda, eyni nəticəni göstərməyə qadir digər savadlı müəllimlərə bu imkanın verilməməsi (çox gec verilməsi) və bu səbəbdən artım fürsətindən yararlana bilməməsi doğru deyil.

Aydın məsələdir ki, sertifikatlaşdırılma mərhələli keçirilir və dərhal 150 min ətrafında olan müəllimi bir dəfəyə sertifikasiyadan keçirmək mümkün deyil. Amma sertifikasiyadan keçirilmə mümkün deyilsə də, əmək haqlarına əlavələri ədalətli şəkildə eyni tarixdən etmək olar. Yəni bütün müəllimlərin sertifiyasiyadan keçib qurtaracağı ən son müddət elan edilirək, sertifikasiyadan keçən bütün müəllimlərin hər birinin əmək haqqına əlavələr dəqiq eyni bir tarixdə edilir. Məsələn, 2022-ci ildə tarixindən bütün müəllimləri sertifiksiya etmək mümkün olmadığından, proses 2023-cü ilin sonuna qədər tamamlanır və sertifikasiyadan keçmə vaxtından asılı olmayaraq 1 sentyabr 2022 və ya 1 yanvar 2023 tarixindən hesablanmaqla bütün uğur qazanmış müəllimlərin əmək haqqına əlavələr edilir.

Altından xətt çəkərək bir daha qeyd etmək istəyirəm ki, cənab Prezidentin fərmanı savadlı müəllimlər üçün çox əla fürsətlər yaradır. Bu alqışa layiqdir. Sertifikasiyanın test mərhələsində 50 baldan yuxarı bal toplamış müəllimlərin əmək haqqına 35% əlavə əmək haqqı qazanması əladır. Bu o deməkdir ki, tədris etdiyi dərs üzrə müəllim özü 83.3%-dən çox bilik göstəricisinə malikdirsə, 500 manat alan müəllim hər ay 675 manat, 1000 manat alan müəllim 1350 manat maaş alacaq.

Beləcə, əla fürsət yaradan fərmanın icrası zamanı bərabərlik prinsipi gözlənilməlidir. Amma indi eyni şağird sayına və eyni biliyə malik olan A şəhərində işləyən müəllimlər B şəhərində işləyən müəllimlərdən bir il sonra sertifikasiya olunursa, onda bu müəllimlər arasında 3 000 manatadək illik əmək haqqı fərqləri yaranacaq. Zaman fərqi artıqca isə pul fərqi daha da artacaq. Bu isə bərabərlik şərtlərini pozur.

Digər bir məsələ, direktor və müavinlərinin əmək haqlarına əlavələrin edilməsidir. Təhsildə aparıcı idarəedici şəxslərin maddi təminatının yüksəldilməsi üçün bu vacib qərardır. Amma burada da icra zamanı razı olmadığım bir məqam var. Direktorların əmək haqqına əlavələrin həcmi məktəbdə oxuyan şağirdlərin sayına görə müəyyən olması doğru yanaşma olsa da, differensasiya sərhədləri həddindən artıq böyükdür. Yəni, differensial yanaşma düzgün olsa da, bir direktora 600 manat, digərinə 1500 manat əlavə doğru deyil. Ona görə ki, differensial yanaşma zamanı minimum (600) və maksimum (1500) arasındakı fərq minimumdan çox olmamalıdır. 1500-600 = 900. Göründüyü kimi, mövcud fərq minimumun 150%-ni, maksimum isə minimumun 250%-ni təşkil edir. Bu hədsiz böyük fərqdir. Odur ki, diferensiallığın 600-dən 1500-dək yox, 800-dən 1300-ə qədər dəyişməsi daha doğru olardı.

Təbii ki, iqtisadçı olaraq, məsələnin iqtisadi tərəflərini, ayrılacaq maliyyə vəsaitlərinin məhdudluğunu gözəl başa düşürəm. Buna görə də demək istədiyim odur ki, əgər cənab Prezidentin bu fərmanının icrası üçün aidiyyatı orqan “X+1” manat yox, yalnız X manat ayıra bilirsə, onda həmin X manat vəsaiti yenə də daha səmərəli və ədalətli idarə etmək olar.

Eldəniz Əmirov-iqtisadçı
Xəbəri paylaş