Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Turizm sahəsində bəzi çatışmazlıqlar var

Turizm sahəsində bəzi çatışmazlıqlar var


Turizm Agentliyini günahlandırmaqda məntiq görmürəm. Agentlik əlindən gələni edir və istəyir ki, Azərbaycana daha çox turist gəlsin, ölkəmiz turizm sahəsindən daha çox pul qazansın, onların da başları uca olsun. Hər bir məmur bunu istəyər, onlar da. Sadəcə olaraq, Azərbaycana gələn turistlər üçün xərclər kifayət qədər baha başa gəlir. Bu da təyyarə biletləri ilə əlaqədar məsələdir. İnsanlar Azərbaycana gəlmək üçün təyyarə biletinə xeyli pul xərcləməli olurlar. AZAL-ın biletləri çox bahadır. Bunu hər zaman tənqid edirik, edəcəyik də. Təbii ki, ucuz təyyarə biletləri də var. Amma ucuz təyyarə biletlərini satan şirkətlərin Azərbaycanda fəaliyyət göstərməsi üçün doğru-düzgün şərait yaradılmır. Azərbaycana gələn turistlər təyyarə biletinə az pul xərcləsələr, ölkəyə turist axını daha çox olar. Turizm Agentliyinin təyyarəsi yoxdur ki, özü turistləri yığıb bura gətirsin.

Təkcə Azərbaycanda deyil, artıq bütün dünyada turizm qiymətləri artıb. Hətta əvvəllər orta gəlirli azərbaycanlının bileti, beşulduzlu oteldə yeddi günlük dincəlməsi 3-4 min dollara başa gəlirdisə, indi ən azı 9-10 minə başa gəlir. Türkiyədə də, Rusiyada da, başqa ölkələrdə də qiymətlər artıb. Bu, pandemiyadan sonra belə oldu. Ədalətli danışsaq, artıq Bakıda turistləri görməyə başlamışam.

Azərbaycanda qiymətlərin baha olması məsələsi, məncə, gündəmdən çıxır. Azərbaycanla bərabər qonşu ölkələrdə də turizm qiymətləri həddən artıq bahadır, bunun da səbəbi həmin ölkələrə təyyarə biletlərinin baha olmasıdır. Əlavə olaraq, turizm xidmətləri də iki dəfə bahalaşıb. Belə düşünürəm ki, get-gedə Azərbaycanda istirahət etmək daha çox sərf edəcək.

Turizm sahəsində bəzi çatışmazlıqlar da var. Azərbaycanda xidmət səviyyəsinin yüksəldilməsinə ehtiyac var. Xarici turistlərin Azərbaycana gəlməsi üçün paket şəklində tur xidmətlərinə təlabat böyükdür. Bu məsələlər qaydasına düşsə, ölkəmizə gələn turistlərin sayını artıra bilərik. Turistlərin sayı həm də quru sərhədlərinin pandemiya səbəbindən bağlı olmasına görə azdır. Sərhədlər açıq olsaydı, Türkiyədən, Gürcüstandan, Rusiyadan, hətta İrandan turistlər gələrdi. Bu, bəlkə də, turizm sənayesinin 60-70%-ni təşkil edərdi. Bunu da nəzərə almaq lazımdır.

MCP sədri, Milli Məclisin üzvü
Razi Nurullayev
Xəbəri paylaş