Avqustun 22-də "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-nin nümayəndələri yerli mütəxəssislərin iştirakı ilə Qarabağ iqtisadi rayonunda yerləşən Sərsəng su anbarına baxış keçirib.
Sərsəng su anbarında texniki monitorinqin aparılması, cari vəziyyətlə tanışlıq, Tərtər çayından gələn və anbardan buraxılan suyun qrafikinin müəyyənləşdirilməsi və gələcəkdə bu istiqamətdə işlərin davam etdirilməsinə zəmin yaratmaq olduğu açıqlanasa da, görüşdə əsasən iki məsələ - su bölgüsünün aparılması və Sərsəng su anbarının alt suvarma ərazisində olan rayonlarına su verilməsinin bərpası müzakirə olunub.
Həmçinin belə görüşlərin və əraziyə baxışın mütəmadi olaraq gələcəkdə də davam etdirilməsi razılaşdırılıb.
Sərsəngin əhəmiyyəti
Sərsəng su anbarı mühüm starteji əhəmiyyətə malik olan bir obyektdir. Ümumi həcmi 560 milyon kubmetr olan su anbarı Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə tikilib. 1976-cı ildə Ümummilli lider Heydər Əliyev su anbarının açılışında şəxsən iştirak edib.
Sərsəng su anbarının Azərbaycanın ən bolsulu çaylarından biri olan Tərtərçayın üzərində salınıb. Su anbarı vasitəsilə 96000 hektar ərazi, yəni Bərdə, Tərtər, Ağdam, Ağcabədi, Yevlax və Goranboy rayonlarının sahələri suvarılır. Yəni Sərsəng su anbarı həm şirin su ehtiyatı baxımından, həm də kənd təsərrüfatı baxımından olduqca strateji və vacib obyektdir.
Bundan başqa, su anbarı bəndində ümumi gücü 50 mvt olan su elektrik stansiyası tikilib ki, bu da ölkənin, xüsusilə də regionların enerji təminatında mühüm əhəmiyyət kəsb edir.
Bakı niyə Sərsəngdə bölgü apardı?
İlk öncə onu deyim ki, Sərsəng su anbarı rus sülhməramlılarının müvvəqəti yerləşdiyi ərazidə yerləşir. Rəsmi Bakının indiki məqamda bu əraziyə baxış keçirməsi, həmçinin su bölgüsünün aparılmasına dair müzakirələr etməsi bu strateji obyekdən heç bir halda imtina edilməyəciyini göstərir. Qısa müddət öncə aparılan “Qisas” əməliyyatı zamanı xüsusi ilə Sərsəng ətrafındakı erməni kazarmaların vurulması da Bakının mövqeyinin nə qədər ciddi olduğunu göstərdi.
O ki qaldı hazırda Sərsəng su anbarında bölgünün aparılmasına, bunun bir neçə səbəbi ola bilər:
Birincisi, rəsmi Bakı qisas əməliyyatları başlatsa da mövcud problemlərin həllində bu variantdan istifadə etmək istəmədiyini göstərir. Azərbaycan üçün hərbi əməliyyatlar qarşı tərəfi çəkindirmək, eyni zamanda qətiyyətli olduğunu göstərmək məqsədi daşıyır. “Qisas” əməliyyatı zamanı xüsusilə Sərsəng ətrafındakı erməni kazarmaların vurulması bir daha bu qətiyyəti mövqeyin göstəricisi olduğu kimi, hazırda su anbarında bölgünün aparılması da mövcud problemlərin həllində kostruktiv olduğunu göstərir.
İkincisi, aydın məsələdir ki, erməni tərəfinin hazırda ən çox istədiyi və gerçəkləşməsi üçün çalışdığı şey sülhməramlılar ilə Azərbaycan silahlı qüvvələri arasında qarşıdurma yaratmaqdır. Bu geniş rakursda Kreml və Bakının qarşı-qarşıya gəlməsi deməkdir.
Rəsmi Bakı ermənilərin bu planını yaxşı bildiyindən görünür, Rusiya sülhməramlıları ilə konfliktdən yayınmağa çalışır. Mövcud vəziyyət bizim lehimizə olduğunu nəzərə alsaq, belə bir qarşıdurma heç bir halda sərfəli olmayacaq.
Üçüncüsü, ölkə başçısı Prezident İlham Əliyev az qala hər çıxışda qeyd edir ki ermənilər Azərbaycan qanunlarını qəbul edib ölkə vətəndaşı olmaq istəsələr, qalib yaşaya bilərlər. Yəni rəsmi Bakının niyyəti heç də erməniləri Qarabağdan qovmaq deyil. Bununla belə rəsmi Bakı son zamanlar sülhməramlıların müvəqqəti nəzarətində olan ərazilərdəki ermənilərin qaz, elektrik, internet xətləri üzərində nəzarəti güclənib. Laçın dəhlizinə alternativ yolun çəkilməsi ilə Qarabağda yaşayan ermənilər Ermənistanın kommunikasiyalardan böyük ölçüdə məhrum olacaqlar.
Turan Rzayev-politoloq