BMqT, Könüllü Qayıdışa Yardım və Reinteqrasiya (KQYR) layihələri çərçivəsində könüllü olaraq mənşə ölkələrinə qayıdan Azərbaycan vətəndaşlarına reinteqrasiya yardımlarının çatdırmasına davam etmişdir. Bu dəstəyin əsas məqsədi könüllü qayıdan şəxslərin mənşə ölkəsində uğurlu reinteqrasiyası və aid olduqları cəmiyyətin bir hissəsi kimi özlərini hiss etmələrinin təminidir.
Newscenter.az xəbər verir ki, BMqT-nin Azərbaycandakı nümayəndəliyi hazırda Avstriya, Almaniya, Belçika, Çexiya, Estoniya, Macarıstan, İspaniya, Niderland Krallığı, Latviya, Litva, Yunanıstan, Moldova, və Polşadan könüllü qayıtmış şəxslərə müvafiq reinteqrasiya yardımları göstərir.
2022-ci ilin ilk 6 ayı ərzində ərzində BMqT-nin dəstəyi ilə 406 nəfər könüllü olaraq ölkəyə qayıtmışdır. Qayıtmış şəxslər ən çox Moldovadan (153 nəfər), Almaniyadan (152 nəfər), Niderland Krallığından (58 nəfər), Polşadan (15 nəfər), Latviyadan (7 nəfər) və Avstriyadan (7 nəfər) olmuşdur.
KQYR layihələri çərçivəsində könüllü olaraq mənşə ölkəsinə qayıdan şəxslərə reinteqrasiya planlarının tərtib edilməsi ilə bağlı görüşlər keçirilmiş, bunun nəticəsi olaraq son altı ayda ümumilikdə 274 nəfər nağd yardımla təmin olunmuş, həmçinin bu şəxslərdən 194 nəfəri isə nağd yardımla yanaşı eyni zamanda əlavə qeyri-nağd yardım da əldə etmişdir. Qeyri-nağd şəkildə yardım çərçivəsində 39 şəxsə müvəqqəti mənzil təminatı, 17 şəxsə kiçik biznesin qurulması, 137 şəxsə maddi yardım (ilkin ehtiyac kateqoriyasına aid olan məişət avadanlığı və mebel əşyaları), 3 şəxsə tibbi yardım, 1 şəxsə isə təhsil haqqının ödənilməsi üzrə yardım göstərilib.
KQYR layihələri çərçivəsində könüllü qayıdan şəxslərə əsasən kiçik biznes fəaliyyətinin qurulması, müvəqqəti mənzil təminatı, zəruri ev əşyalarına dair yardım və tibbi ehtiyacların ödənilməsi üçün yardımlar göstərilmişdir. BMqT-nin dəstəyi ilə mənşə ölkəsinə qayıdan şəxslər, kiçik fermer təsərrüfatı (xırdabuynuzlu və iribuynuzlu heyvanların alınması), xidmət sektoru, kiçik ticarət və istehsalat sahəsində öz sahibkarlıq fəaliyyətlərini qurmuşlar.
Sevinc