Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İlham Əliyev: "Qazaxıstanla münasibətlər bundan sonra da Azərbaycanın xarici siyasətində prioritet olacaq"

İlham Əliyev: "Qazaxıstanla münasibətlər bundan sonra da Azərbaycanın xarici siyasətində prioritet olacaq"


"Əmin ola bilərsiniz ki, Qazaxıstan ilə münasibətlər bundan sonra da Azərbaycanın xarici siyasətində prioritet olacaq".

Newscenter.az xəbər verir ki, bunu avqustun 24-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev tərəfindən Qazaxıstanın “Altın kıran” – “Qızıl qartal” ali ordeni təqdim olunarkən Azərbaycan Prezidenti İlham Əliyev deyib.

"Bizim xalqlarımızı ortaq tarix, ortaq köklər bağlayır. Bu gün Qazaxıstan və Azərbaycan müstəqillik yolunda inamla irəliləyən iki müstəqil dövlət kimi iqtisadiyyatın inkişafında, sosial məsələlərin həllində yüksək sürət nümayiş etdirir, dünya arenasında ölkələrimizin nüfuzu artır. Mən bu mükafatı bütün Azərbaycan xalqına hörmət əlaməti hesab edirəm. Bu mükafatı Siz təqdim etdiyinizə görə xüsusi qürur duyuram. Sizin qeyd etdiyiniz kimi, bu gün biz ikitərəfli gündəliyin bir çox məsələlərinə və beynəlxalq inkişaf məsələlərinə dair ətraflı söhbət etdik.

Mən artıq demişəm, bir daha təsdiqləmək istəyirəm ki, Sizin yürütdüyünüz islahatlar kursunu tamamilə dəstəkləyirik. Sizin yürütdüyünüz siyasət Qazaxıstanın, Qazaxıstan xalqının milli mənafelərinə tamamilə uyğundur. Artıq qazanılmış uğurlar Sizin seçdiyiniz kursun düzgün olmasına dəlalət edir. Qazaxıstan xalqının bu kursu dəstəkləməsi bir daha onu göstərir ki, bizə qardaş olan Qazaxıstan düzgün yolla gedir. Əminəm ki, Siz qarşıya qoyduğunuz bütün hədəflərə çatacaqsınız. Lakin bu yüksək mükafat mənim əlbəttə ki, münasibətlərimizin möhkəmləndirilməsi yolunda bundan sonrakı fəaliyyətimdə üzərimə vəzifələr qoyur. Əmin ola bilərsiniz ki, Qazaxıstan ilə münasibətlər bundan sonra da Azərbaycanın xarici siyasətində prioritet olacaq", - Azərbaycan Prezidenti bildirib.
Xəbəri paylaş