Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qaradağ rayonu, Sahil qəsəbəsində daha bir küçə təmir edilir-VİDEO

Qaradağ rayonu, Sahil qəsəbəsində daha bir küçə təmir edilir-VİDEO


Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan 2022-ci ilin "İnvestisiya Proqramı"na uyğun olaraq Qaradağ rayonunda ümumi istifadədə olan küçə və yolların əsaslı təmiri həyata keçirilir.

Newscenter.az Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, "İnvestisiya Proqramı" çərçivəsində Qaradağ rayonunun Sahil qəsəbəsinin əsas yollarından biri olan və uzunluğu 3200 metr, ortalama eni 14 metr təşkil edən Məhərrəm Seyidov küçəsinin təmiri davam edir.

Təmir çərçivəsində küçəboyu köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri olan yerlərdə yararsız qruntun qazılaraq çıxarılması, əks-dolğu işlərinin icrası ilə küçənin profilə salınması işləri görülüb.

Hazırda ərazidə mövcud piyada səkilərinin bərpası, kənarlarına yeni səki daşlarının düzülməsi və yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılır. Bu istiqamətdə küçəboyu 2300 p/m yeni səki daşları düzülüb.

Son mərhələdə zəruri yol nişanları, üfüqi nişanlanma xətləri, piyada zolaqları ilə təmin olunaraq küçə müasir görkəmdə vətəndaşların istifadəsinə veriləcək.

Ümumilikdə cari ildə Qaradağ rayonunun Lökbatan, Qızıldaş, Sahil və Qobustan qəsəbələri üzrə təmiri aparılan küçələrin uzunluğu 19.6 km təşkil edir. Artıq bir çox küçədə təmir işləri yekunlaşıb.


Xatırladaq ki, 2021-ci ildə Qaradağ rayonunda ümumi uzunluğu 6.5 km olan küçə və yollarda təmir işləri aparılıb.



Sevinc
Xəbəri paylaş