Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qazaxıstanın 65-ə yaxın şirkəti Qarabağda biznes qurmaq istəyir

Qazaxıstanın 65-ə yaxın şirkəti Qarabağda biznes qurmaq istəyir


"Azərbaycanda əlverişli biznes mühiti yaradılıb və ölkəmizdə 15 mindən çox xarici kapitallı şirkətin qeydiyyatdan keçməsi, onların arasında Qazaxıstan kapitallı iki yüzdən çox şirkətin (sənaye, tikinti, ticarət, kənd təsərrüfatı, nəqliyyat və xidmət sahələrində) olması buna sübutdur".

Newscenter.az "Report"-a istinadən xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan-Qazaxıstan İşgüzar Şurasının birinci iclasında İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədri Orxan Məmmədov deyib.

"Xüsusilə işğaldan azad edilmiş ərazilərdə biznes layihələrinin həyata keçirilməsinin mümkünlüyünü qeyd etmək istərdim. Qarabağ bölgəsi müxtəlif sahələrdə, o cümlədən turizm, kənd təsərrüfatı, energetika sahəsində zəngin potensiala malikdir. Bu günə qədər Agentliyimizə bu regionda biznes qurmaq istəyən xarici şirkətlərdən 1 100-dən çox müraciət daxil olub. Sevindirici haldır ki, onların arasında 65-ə yaxın müraciət Qazaxıstan şirkətlərinə aiddir", - deyə o, qeyd edib.

KOBİA sədrinin sözlərinə görə, ənənəvi biznes forumlarından fərqli olaraq, bu İşgüzar Şuranın platformasının daimi əsasda fəaliyyət göstərməsi və Azərbaycan və Qazaxıstan sahibkarları arasında birbaşa əlaqələri genişləndirməsi, birgə və uzunmüddətli layihələr həyata keçirməsi tədbir üçün xüsusi əhəmiyyət kəsb edir: "Ölkələrimiz arasında ticarət əlaqələrinin dinamikasına müsbət təsir göstərir. Bugünkü görüş Qazaxıstan prezidentinin səfəri çərçivəsində baş tutduğu üçün əlamətdardır. Əminəm ki, zaman keçdikcə İşgüzar Şuranın fəaliyyətinin nəticələrinə əsasən, hər iki tərəfdən iştirakçıların tərkibi artacaq. Zəngin təcrübələrinə əsaslanaraq Şuranın qarşısında duran vəzifələrin həyata keçirilməsi üçün mümkün olan hər şeyi etməyə qadir olan həmsədrlərin fəaliyyəti də xüsusi əhəmiyyət kəsb edəcək. Agentliyimiz də öz növbəsində bu səylərin uğurla həyata keçirilməsi və hər iki tərəfin biznes icmalarının yaxın gələcəkdə yüksək keyfiyyətli və konkret nəticələr əldə etməsi üçün mümkün olan hər şeyi etməyə hazırdır. Əminəm ki, Biznes Şurasının formatı biznes qurumları arasında birbaşa qarşılıqlı fəaliyyətə, qarşılıqlı faydalı layihələrə investisiyaların cəlb edilməsinə, eləcə də birgə müəssisələrin yaradılmasına müsbət təsir göstərəcək. Bu gün Agentlik və "QazTrade" Ticarət Siyasətinin İnkişafı Mərkəzi SC arasında əməkdaşlıq sahələrini müəyyən edən Memorandum imzalanacaq ki, bu da ölkələrimizin biznes strukturları arasında əlaqələrin inkişafına töhfə verəcək. Sonda mən gələcək səmərəli tərəfdaşlığa əminliyimi bildirmək, eləcə də hər iki tərəfin sahibkarlarını fəal dialoqa və ümumi maraqların müəyyənləşdirilməsinə çağırmaq istərdim".
Xəbəri paylaş