Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Yevlaxın içməli su təchizatı yenidən qurulur

Yevlaxın içməli su təchizatı yenidən qurulur


Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində Yevlax şəhərində içməli su təchizatı infrastrukturunun yenidən qurulması layihəsinin icrası davam etdirilir. Layihənin birinci mərhələsi çərçivəsində sutəmizləyici qurğu və anbar kompleksinin inşası yekunlaşmaq üzrədir.

Newscenter.az "Azərsu" ASC-yə istinadən xəbər verir ki, Yevlax şəhərini dayanıqlı içməli su ilə təmin etmək üçün Kür çayının sahilində məhsuldarlığı sutkada 20 min kubmetr olan qumsüzgəc texnologiyalı təmizləyici qurğunun tikintisi üzrə son tamamlama işləri həyata keçirilir. Qurğuda 16 ədəd süzgəc quraşdırılıb, emal prosesindən sonra təmiz suyun toplanması məqsədilə ümumi həcmi 2500 kubmetr olan 2 su anbarının tikintisi yekunlaşıb. Təmizləyici qurğuda zərərsizləşdirici, əks-yuma prosesinin aparılması üçün 9 ədəd əks-yuma nasosu, kompleksin enerji təchizatı məqsədilə transformator və generator quraşdırılıb.

Hazırda çaydan götürülən suyun mövcud durulduculara və təmizləyici qurğulara ötürülməsi məqsədilə sugötürücü qurğunun inşası davam etdirilir.

Layihənin növbəti mərhələsində Yevlax şəhərinin içməli və tullantı su şəbəkələri yenidən qurulacaq. Yevlax şəhərində 135 km içməli su şəbəkəsi tikiləcək və abonentlərə ev birləşməsi verilərək sayğaclar quraşdırılacaq. Layihə çərçivəsində şəhərin tullantı su şəbəkəsi də yenidən qurulacaq. Yevlax şəhərində 115 km uzunluğunda tullantı su şəbəkəsi yaradılacaq. Şəhərdə yaranacaq tullantı sularının təmizlənib kənarlaşdırılması məqsədilə məhsuldarlığı sutkada 12500 kubmetr olan təmizləyici qurğunun tikintisi də layihələndirilib.

Qeyd edək ki, hazırda Yevlax şəhərində 1960-1970-ci illərdə tikilmiş içməli və tullantı su şəbəkələri istismar olunur. İstismar müddəti başa çatmış şəbəkələr şəhəri tam əhatə etmir və əhalinin dayanıqlı su təminatında çətinliklərə səbəb olur.

Sevinc
Xəbəri paylaş