Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin bir neçə gün əvvəl avqustun 24-də ölkəmizə rəsmi səfəri bir sıra diqqətçəkən məqamlarla yadda qaldı.
Əvvəla, qeyd etmək istərdim ki, Prezident İlham Əliyevin Qazaxıstanın ali ordeni olan “Altın kıran” - “Qızıl qartal” ordeni ilə təltif edilməsi Prezident İlham Əliyevin Azərbaycan-Qazaxıstan münasibətlərinin möhkəmlənməsi üçün gördüyü işlərə verilən yüksək qiymətdir. Prezident Kasım-Jomart Tokayev şəxsən bu ordeni Prezident İlham Əliyevə təqdim edərək onu təbrik etdi.
Ümumiyyətlə, iki ölkə arasında münasibətlərdən danışarkən, vurğulamaq istərdim ki, bu gün Azərbaycan və Qazaxıstan bütün məsələlər üzrə eyni mövqeyi nümayiş etdirir. İkitərəfli münasibətlərdə və beynəlxalq problemlərə dair bütün məsələlərdə ölkələrimizin mövqeləri üst-üstə düşür. Qazaxıstan və Azərbaycan bir-birinə yaxın dövlətlər olmaqla yanaşı, həm də strateji tərəfdaşlar və müttəfiqlərdir.
Hazırda Qazaxıstanın Qarabağın yenidən qurulmasında iştirakı dostluğumuzun bariz nümunəsidir. Qazaxıstanın Azərbaycana hədiyyəsinin – işğaldan azad edilmiş Füzuli şəhərində tikiləcək Uşaqların Yaradıcılığının İnkişafı Mərkəzinin təqdimatının keçirilməsi xalqımıza qardaşcasına münasibətin daha bir təzahürü, humanitar əməkdaşlığın daha bir elementidir.
Bu gün Azərbaycan və Qazaxıstan arasında beynəlxalq səviyyədə əməkdaşlığımız yüksələn xətt üzrə inkişaf edir. İştirak etdiyimiz aparıcı beynəlxalq təşkilatlarda geniş əhatəli məsələlər üzrə fəal əməkdaşlıq edirik, daim bir-birimizi dəstəkləyirik. Əməkdaşlıq etdiyimiz beynəlxalq təşkilatların sayı kifayət qədər çoxdur və hər yerdə Qazaxıstan və Azərbaycan nümayəndələri sıx, qarşılıqlı fəaliyyətdədirlər.
Hazırda iki ölkə arasında nəqliyyat-logistika infrastrukturunun inkişafı ilə bağlı böyük planlar var. Bu infrastrukturun yaradılması üçün həm Qazaxıstanda, həm də Azərbaycanda vaxtında tədbirlər görülüb. İndi ölkələrimiz arasında yük axınının birləşdirilməsi və onun həcminin artırılması, tranzit potensialının yüksəldilməsi barədə söhbət gedir. Müvafiq orqanlar artıq müəyyən vaxtdır ki, bu istiqamətdə aktiv qarşılıqlı fəaliyyət göstərirlər. Orta Dəhliz layihəsi həyata keçirilir və bu layihə çox böyük perspektivə malikdir.
Qeyd etmək istərdim ki, cari ilin birinci rübündə iki ölkə arasında ticarət dövriyyəsi keçənilki göstərici ilə müqayisədə 3 dəfə artıb. Əmtəə dövriyyəsinin artırılması üçün böyük ehtiyatlar var. Artıq gələcək iqtisadi-ticari əməkdaşlığın bəzi istiqamətləri barədə fikir mübadiləsi aparılmış, qarşılıqlı tədarüklərin artırılması məsələsi müzakirə olunmuşdur. İnvestisiya sahəsində də böyük perspektivlər var. Həm Qazaxıstanda, həm də Azərbaycanda çox müsbət investisiya mühiti var. Bu istiqamətdə də səyləri birləşdirməyin vaxtıdır. İki ölkə arasında 1 milyard dollar dəyərində əmtəə dövriyyəsi, tərəflərin qarşılıqlı fəaliyyəti dərinləşdirmək niyyətini nəzərə almaqla, tamamilə realdır.
Onu da vurğulayım ki, Qazaxıstan Prezidentinin Azərbaycana səfəri zamanı 20-dən artıq sənədin imzalanması ikitərəfli əməkdaşlıqda yeni səhifə açdı. Bu sənədlərin imzalanması ilə iki ölkə arasındakı iqtisadi, ticarət, siyasi, mədəni, nəqliyyat, kommunikasiya, elm, təhsil, xarici siyasət və digər sahələrdə əlaqələr daha da inkişaf edəcəkdir.
İmzalanmış sənədlər arasında “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə” xüsusi əhəmiyyət kəsb edir. Bəyannamənin adından da göründüyü kimi, biz təkcə strateji tərəfdaşlar deyil, həm də müttəfiqlərik. Əlbəttə, bu, bizim üzərimizə xüsusi məsuliyyət qoyur və biz bu məsuliyyətə hazırıq. Bəyannamə bizim əməkdaşlığımızın bir çox istiqamətlərini əhatə edir və gələcək fəaliyyətimiz üçün çox ciddi bazadır.
Birgə Bəyannamədə həm də Azərbaycanın Mərkəzi Asiyanın beş ölkəsi ilə çoxtərəfli əməkdaşlığının gələcəkdə mümkün inkişafı da əksini tapıb. Həmçinin, Birgə Bəyannamədə Azərbaycanın Şərqi Zəngəzur rayonunun Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə birləşdirilməsinin vacibliyi də qeyd edilib ki, bu da Orta Dəhliz layihəsinin tərkib hissəsi olacaq.
Jalə Əhmədova-Milli Məclisin deputatı