Mehriban xanım Əliyeva büyük ürəyə, zəngin mənəviyyata, sonsuz humanizmə malik xeyirxah əməlləri ilə bəşəriyyət üçün bir nümunə, böyük bir dəyərdir.
Mehriban xanım Əliyeva Azırbaycanın Birinci xanımı və vitse-prezidenti kimi milli səviyyədəki işləri ilə dünya miqyasındakı fəaliyyətini uyğunlaşdırıb bütün dünyada büyük nüfuz qazanaraq bu əsasda Azərbaycan qadının gücünün, qətiyyətli imicinin müsbət obrazıdır.
Ölkəmizdə qadın hərəkatının və dövlət qadın siyasətinin inkişafında və yeni mərhələyə keçməsində, qadın hüquqlarının qorunması ilə bağlı qanunvericilik bazasının zənginləşməsində və qadınlarımızın dünyada ən yüksək səviyyədə təmsil olunmasında Azərbaycanın Birinci xanımı Mehriban Əliyevanın müstəsna xidmətləri vardır.
O, özünün peşəkar fəaliyyəti, zəngin təcrübəsi, böyük humanizmi və hadisələrə genişmiqyaslı baxış bucağı ilə dövlətçilik tariximizdə “Birinci Xanım” İnstitutu formalaşdırmaqla Azərbaycan qadınlarına vətənə, xalqa xidmətdə örnəkdir.
Vətəni, xalqı üçün çalışan, təmənnasız xeyirxahlığı, humanistliyi həyat amalına çevirən şəxslərin ideyaları, xoş əməlləri gələcək nəsillər üçün nümunəyə çevrilir. Keçdiyi mənalı ömür yolu, yüksək humanizmi, xeyirxahlığı və nəcibliyi, bənzərsiz ictimai fəaliyyəti ilə nəinki Azərbaycanda, eləcə də dünyada yüksək ehtiram sahibi olan ölkəmizin birinci xanımı, Birinci vitse-prezident Mehriban Əliyeva tariximizin şanlı salnaməsinə öz dəst-xətti ilə daxil olan belə şəxsiyyətlərdəndir. Müasir Azərbaycan dövlətinin inkişafında, qüdrətlənməsində, beynəlxalq nüfuzunun yüksəlməsində, xalq-iqtidar birliyinin möhkəmlənməsində ölkəmizin Birinci vitse- prezidenti Mehriban xanım Əliyevanın yorulmaz fəaliyyəti, gərgin əməyi, misilsiz xidmətləri və böyük uğurları vardır. Mehriban xanımın çoxşaxəli, xoş məramlı, tolerantlıq və humanizm ənənələrinə söykənən birləşdirici, səfərbəredici fəaliyyəti sayəsində qədim və zəngin Azərbaycan mədəniyyəti dünya miqyasında ləyaqətlə təqdim olunmuş, xalqımıza çoxsaylı dostlar qazandırmış, Azərbaycanın beynəlxalq aləmdə müasir, sivil, tolerant, insan haqlarına və mənəvi dəyərlərə yüksək qiymət verən dünyəvi dövlət kimi tanınmasında əvəzsiz rol oynamışdır.
Müasir genetika elmi sübut edir ki, nəsilli-köklü, böyük elmi və zehni potensiallı ailələrin övladlarının genetik kodun daşıyıcısı olaraq böyük uğurlara imza atma şansı kifayət qədər böyükdür. Münbit şəraitin olacağı təqdirdə həmin övladların valideynlərindən miras qalmış irsi potensialı zənginləşdirərək daha böyük uğurları əldə etməsi sırf zaman məsələsidir. Xanım Mehriban Əliyeva əsil-nəsilli ziyallı ailədə doğulub-böyümüş, mükəmməl təlim-tərbiyə almışdır. Gənc yaşından isə ulu öndər Heydər Əliyev kimi dövlət xadiminin ailəsində mənimsədiyi siyasi təlim və əhatəli sosial baxış, akademik Zərifə xanım Əliyevadan əxz etdiyi ictimai-mədəni davranış, insani nəciblik və mərhəmət, görkəmli yazıçı Mir Cəlal və ustad jurnalist Nəsir İmanquliyev babalarından görüb-götürdüyü milli ziyalılıq düşüncəsi, akademik Arif Paşayev və professor Aida İmanquliyeva valideynlərindən aldığı nümunəvi ailə tərbiyəsi Mehriban Əliyevanın illər boyu formalaşan ictimai-siyasi-mədəni təməli olmuşdur.
Xanım Mehriban Əliyevanın qadın lider olaraq formalaşması və yüksəlməsi həm daxili istedadı, bacarığı, mükəmməl təhsili, praqmatik zəkası, həm də taleyinə yazılmış ulu öndər Heydər Əliyev kimi böyük strateqin həyat və siyasət məktəbindən yetərli dərs alması olmuşdur.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyevin Fondunun prezidenti, YAP Sədrinin birinci müavini, UNESCO və lSESCO - nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın geniş və çoxşaxəli fəaliyyəti beynəlxalq arenada yüksək qiymətləndirilir, həyata keçirdiyi layihələr ölkə hüdudları ilə məhdudlaşmayıb ümumbəşəri mahiyyəti ilə də diqqəti cəlb edir və Azərbaycan qadının nüfuzunu daha da yüksəklərə qaldırır.
Xeyriyyəçilik, şəfqət, yaradıcılıq və humanizm Mehriban xanımın adı ilə vəhdət təşkil edir. Onun mərhəmət və humanizmi sərhəd və məhdudiyyət tanımır və insanpərvərliyin bir ideya, ehtiyacı olana konkret yardımın isə bir mexanizm kimi vəhdətinin yeganə vasitə olduğunu ən müxtəlif məzmunda və miqyasda həyata keçirdiyi layihələrlə sübut edir.
Mehriban xanım Əliyeva bu gün valideyn himayəsindən məhrum uşaqların mənəvi anası, dərdli şəhid analarının dayağıdır. O xeyirxah qəlbinin səsi ilə bütün qüvvəsini, zamanını təmənnasız olaraq insanların rifahı, xoşbəxt yaşamı uğrunda sərf edir.
Taleyin böyük xoşbəxtliyidir ki, Azərbaycan xalqının Mehriban Əliyeva kimi övladı, Azərbaycan cəmiyyətinin şansıdır ki, Mehriban Əliyeva kimi xadimi, müstəqil Azərbaycan dövlətinin uğurudur ki, Mehriban Əliyeva kimi Birinci vitse-prezidenti vardır. Mehriban xanım bir ANA, həyat yoldaşı, ictimai fəal, mənəvi-əxlaqi dəyər təmsilçisi və dövlət idarəçiliyində yüksək vəzifə sahibi kimi bir nümunədir.
Cənab Prezident İlham Əliyev tərəfindən Mehriban xanımın Birinci vitse-prezident təyin edilməsi isə cəmiyyətdə qadın iştirakçılığına, bütövlükdə qadına verdiyi önəmin bariz göstəricisi oldu. Birinci vitse-prezident kimi hər bir sahədə Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kursun dəstəklənməsinə və uğur qazanmasına əhəmiyyətli dəstək verən Mehriban Əliyevanın bu çərçivədə gördüyü işləri təhlil etsək, əmin olarıq ki, onun çoxşaxəli və geniş əhatəli fəaliyyəti Azərbaycanın bugünkü inkişafı içərisində çox böyük çəkiyə malikdir. Mehriban xanım Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti kimi fəaliyyəti ilə Prezident İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi inkişaf strategiyasına layiqli töhfələr verməkdədir.
Birinci vitse-prezident hər zaman hər kəsə vətəndaş olmağın meyarlarını anladır. İnsanlara vətəndaş məsuliyyəti aşılayır. Ona olan ümumxalq sevgisi bu vətəndaşlıq dərslərinin, dövlətçilik tərbiyəsinin təsir gücünü təmin edir. İnsanlarımız öz davranışlarında onun tövsiyələrini nəzərə alırlar. Çünki ona inanırlar. Bilirlər ki, əgər bunu Mehriban xanım deyirsə, deməli, insanların faydasınadır. Bunu koronavirus pandemiyasına qarşı karantin tədbirlərinin həyata keçirildiyi vaxt birinci xanımın cəmiyyətimizə ardıcıl müraciətlərində, vətəndaşların həmin müraciətləri sevgi və anlayışla, əsl dost tövsiyələri kimi qarşılamalarında da gördük.
44 günlük Vətən müharibəsi dönəmində Mehriban xanım bir ana, qadın, Birinci xanım, Birinci vitse-prezident kimi ölkə başçısının, şəhid analarının, qazilərimizin yanında oldu və əsl Azərbaycan qadınının nümunəsini, iradəsini və qətiyyətini bütün dünyaya nümayiş etdirdi.
Bütün bunlar güclü, aydın təfəkkürə, təxəyyülə malik olan incə ruhlu, zərif təbiətli bir qadının - Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bilavasitə əzmkarlığı, çalışmaları sayəsində həyata keçirilir və bu gün Mehriban Əliyeva özünə xas olan yüksək işgüzar və mənəvi keyfiyyətlər, dərin təşkilatçılıq və idarəçilik qabiliyyəti ilə ona həvalə edilən vəzifəni layiqincə daşıyır, ölkədə həyata keçirilən siyasi kursun uğur qazanmasına mühüm töhfələr verir.
Mehriban xanıma xas olan yüksək işgüzarlıq və mənəvi keyfiyyətlər, dərin biliklər, təşkilatçılıq bacarığı bir mədəniyyət məktəbi olaraq öyrənilməlidir. Mehriban xanımın yüksək dövlət vəzifələrində çoxillik fəaliyyəti, qazandığı hörmət və böyük beynəlxalq nüfuzu, əvəzsiz və məhsuldar fəaliyyəti ilə sözün əsil mənasında önəmli bir tarix yazmaqdadır. Hesab edirəm ki, yazılan bu tarixin hər sətri insanlığa mənəvi keyfiyyətlər bəxş edir. Mehriban xanım Əliyevanı doğum günü münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Ona varlığı boyunca bütün ruhu və qəlbi ilə xalqın təəssübkeşliyini daşıyaraq, milli ideyalar ilə yaşayıb yaradan, tükənməz enerjiyə malik nəcib missiyasında, Vətənimizin rifahı naminə möhtəşəm fəaliyyətində uğurlar və tükənməz xalq sevgisi arzu edirəm.
Güloğlan Cabbarlı-Dünya və Avropa çempionu