Azərbaycanı Qazaxıstanla ortaq tarix, mədəniyyət və milli köklər bağlayır. Hazırda ölkələrimiz arası münasibətlər özünün ən yüksək mərhələsini yaşayır. Qazaxıstanla Azərbaycan dost və qardaş ölkələrdir. Bu dostluq və qardaşlıq həm torpaqlarımızın erməni işğalı altında olduğu dövrdə, həm də Vətən müharibəsi və işğaldan azad olunmuş ərazilərimizin yenidən qurma və bərpası müddətində yüksək səviyyədə nümayiş olunur. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin ölkəmizə səfəri bir çox məqamları ilə diqqətdədir:
“Xalqlarımızın ortaq tarixə, köklərə malik olduğunu önə çəkən dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, türkdilli xalqların mövqeyinin, birliyinin regional əməkdaşlıqda, dünya birliyində vacib amilə çevrilməsi iqtisadi, siyasi əlaqələrin inkişafında da özünün aydın ifadəsini tapır. Səfərin mühüm və yaddaqalan məqamları sırasında yer alan Qazaxıstan Prezidentinin dövlət başçısı İlham Əliyevə Qazaxıstanın “Altın kıran” – “Qızıl qartal” ali ordenini təqdim etməsi münasibətlərimizin dünəninə baxış əsasında hazırkı inkişaf səviyyəsinin və perspektivlərin təqdimatı oldu.
Dövlət başçısı İlham Əliyev bu mükafatı bütün Azərbaycan xalqına hörmətin göstəricisi kimi qeyd etdi Qazaxıstan və Azərbaycan arasında imzalanmış sənədlər münasibətlərin çoxşaxəli inkişafını təmin edəcək. Əməkdaşlığın əsas istiqamətlərindən biri də humanitar sahədir. Humanitar sahədə əlaqələrin genişlənməsi siyasi iqtisadi əməkdaşlığın dərinləşməsini sürətləndirəcək və ölkələrimizin daha da yaxınlaşmasına yol açacaq. Avqustun 1-dən Bakıda fəaliyyət göstərən “Qazax yurtası”nda dost və qardaş ölkənin turizm potensialı təqdim edilib. Bakı sakinləri “Qazax yurtası”nı ziyarət edir və böyük maraq göstərir. O cümlədən Kasım-Jomart Tokayevin təşəbbüsü ilə bu il Qazaxıstanda Azərbaycan mədəniyyətinin 10 günlüyünün keçirilməsi nəzərdə tutulub.
Müasir beynəlxalq münasibətlər sisteminin reallıqlarına gəldikdə isə Azərbaycan və Qazaxıstan arasında imzalanan , “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə” iki qardaş ölkənin gələcək təhlükəsizlik və əməkdaşlıq perspektivləri baxımından mühüm əhəmiyyət kəsb edən strateji sənəddir. Bu, iki qardaş ölkənin münasibətləri tarixində tamamilə yeni bir mərhələ yaratmaqla daha dərin inkişaf və inteqrasiyaya gətirib çıxaracaq”.
Aynur Həsənova