Artıq üçrəngli bayrağımız Laçının mərkəzində dalğalanır. Bu, Azərbaycanın növbəti qələbəsidir. Müzəffər Ali Baş Komandan İlham Əliyev Laçın şəhəri, Zabux və Sus kəndlərinə qayıdacağımızı hər zaman bəyan edirdi. Avqustun əvvəlində həyata keçirilın Qisas əməliyyatının da təbii ki, burada rolu var. Bu əməliyyat prosesi pozmaq istəyən Ermənistan üçün ciddi cəza oldu. 44 günlük müharibə zamanı Azərbaycan bir addım belə geri çəkilmədiyi kimi, postmünaqişə dövründə də hər keçən gün Azərbaycan uğur qazanır. Biz sərhədlərimizə çıxmaqla yanaşı, həm də orada möhkəmlənirik. Strateji əhəmiyyətə malik olan Laçın şəhərinə nəzarət isə mövqelərimizi daha da möhkəmləndirəcək.
Newscenter.az xəbər verir ki, bu fikirləri “İki sahil”ə açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.
K.Nurullayeva qeyd edib ki, 10 noyabr 2020-ci il Bəyannaməsində də göstərilir ki, yeni yol çəkiləcək və üç il ərzində bu yolun planlaşdırılması və razılaşdırılması təmin edilməlidir. Bu bəndi də bəyanata saldıran Azərbaycan Prezidenti olub və ən böyük uğurlardan biri bizim bu yolu cəmi 1 ilə inşa etməyimizdir. Müharibədən dərhal sonra sülhməramlıların burada yerləşməsi ermənilərdə müəyyən ümidlər yaratsa da, zaman-zaman məsuliyyət zonasında təxribatlar törədilsə də bunun sonsuza qədər davam etməyəcəyi aydın idi. Ermənilər ümid edirdi ki, ən azı 5 il müddətində Laçının mərkəzi elə dəhliz kimi qalacaq. Ona görə vaxt qazanmaq məqsədilə yeni yolun çəkilişini 2023-cü ilin sonuna tamamlamaq niyyətində idilər. Təbii ki, Azərbaycan bununla razılaşa bilməzdi. Müharibənin başa çatmasından 2 ildən də az müddətdə Laçının mərkəzi Azərbaycanın nəzarətindədir. Yəni, vəziyyət getdikcə Azərbaycanın xeyrinə dəyişir, hətta sülhməramlılar da mövcud reallığı qəbul edir.
Deputat deyib ki, ərazilərin demoqrafik tərkibini dəyişmək məqsədilə burada qeyri-qanuni məskunlaşan ermənilər də Laçın şəhəri, Zabux və Susdan çıxmaq istəmirdilər. Vandallıq aktları törədərək, təbiətə zərər vururdular, evlərini yandırırdılar, amma bunun bir nəticəsinin olmayacağını özləri də
dərk edirdilər. Azərbaycan tərəfi Ermənistana vaxt vermişdi ki, bu il avqust ayının sonuna qədər Laçın şəhəri, Zabux və Sus kəndlərini boşaldaraq geri qaytarsın. Prezident İlham Əliyev də hər zaman deyirdi ki, onlar başa düşməlidirlər, vaxt uzatmaq onlara heç nə verməyəcək. Əgər onlar fikirləşirlər ki, bir ildən, ya ilyarımdan sonra nəsə onların xeyrinə dəyişəcək, səhv edirlər. Nəsə dəyişə bilər, amma bizim xeyrimizə. Zaman bunu bir daha təsdiqlədi. Vaxt uzatmaq cəhdləri boşa çıxdı və Azərbaycan bayrağı Laçının mərkəzində ucaldı. Ermənistan bu proseslərdən nəticə çıxarmalı, sərhədlərin delimitasiyası, sülh sazişinin hazırlanması və Zəngəzur dəhlizinin açılması kimi öhdəliklərini yerinə yetirməlidir. Hər hansı təxribat planlaşdırılırsa, onun ağır və sərt cavabı olacaq. Ermənistan tərəfi bunu yaxşı dərk edir.