Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Şuşa, Ağdam və Füzuli istiqamətində sentyabr ayına olan biletlər satışa çıxarılacaq

Şuşa, Ağdam və Füzuli istiqamətində sentyabr ayına olan biletlər satışa çıxarılacaq


Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Şuşa, Ağdam və Füzuli şəhərlərinə təşkil etdiyi müntəzəm avtobus reyslərinə sentyabr ayına olan biletlər 29 avqust 2022-ci il saat 15:00-da satışa çıxarılacaq.

Newscenter.az nazirliyə istinadən xəbər verir ki, sərnişin daşınması ilə bağlı sistemliliyin təmin edilməsi və sərnişindaşımaya dair məlumat bazasının formalaşdırılması məqsədilə marşrut xətləri üzrə bilet satışı www.yolumuzqarabaga.az portalı üzərindən onlayn qaydada həyata keçirilir. Təhlükəsizliyin təmin edilməsi, işğaldan azad edilmiş ərazilərə giriş icazəsinin bilet alışı prosesi ilə sinxronlaşdırılması, güzəşt tətbiq ediləcək şəxslərin müəyyənləşməsi üçün onlayn bilet satışı portalı müvafiq informasiya sistemlərinə inteqrasiya edilib.

Bilet almaq üçün şəxsiyyəti təsdiq edən sənəddəki məlumatları sistemə daxil etmək lazımdır. Hər bir bilet yalnız şəxsiyyət vəsiqəsi ilə eyniləşdirilən vətəndaş tərəfindən istifadə oluna bilər. Biletlər alındıqdan sonra başqa şəxsə transfer edilməsi mümkün deyil.

Sərnişinlər gediş və qayıdış biletlərini əvvəlcədən eyni vaxtda sifariş etməlidirlər.

Səfər zamanı təhlükəsizliyin təmin olunması məqsədilə sərnişinləri polis əməkdaşları müşayiət edir. Şuşa, Ağdam və Füzuli şəhərlərində tarixi, mədəni və dini abidələr ziyarət olunur.

Qeyd edək ki, Şuşa və Ağdam şəhərlərinə müntəzəm avtobus marşrutları yanvarın 24-də istifadəyə verilib. Füzuli istiqamətində isə ilk reys iyunun 25-də həyata keçirilib.

Sevinc
Xəbəri paylaş