Pakistanda bu yay yağan musson yağışları nəticəsində yaranan daşqınlar nəticəsində mindən çox insan, o cümlədən 300-dən çoxu uşaq həlak olub.
Newscenter.az-ın məlumatına görə, "Report" bu barədə "Associated Press"ə istinadən xəbər verir.
Belə ki, son məlumatlara görə, iyun ayından bəri daşqınlar nəticəsində azı 1 033 nəfər ölüb. Hazırda Xeyber-Paxtunxvada daşqınlar səbəbindən 330 mindən çox insan təxliyə edilib.
Yerli hakimiyyət orqanlarının məlumatına görə, 3 000 km-ə yaxın yol və 129 körpü zədələnib, ciddi ziyan dəymiş ərazilərə giriş bağlanıb, 500 mindən çox mal-qara tələf olub.
BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisinin məlumatına görə, iyunun ortalarından İslam Respublikasında 2,3 milyon insan daşqınlardan zərər çəkib və 95 mindən çox ev dağılıb.
Pakistan hakimiyyəti beynəlxalq humanitar yardım istəyib.