Qadın voleybolçulardan ibarət Azərbaycan millisi AVRO-2023-ün təsnifat mərhələsində növbəti oyununu keçirib.
Newscenter.az xəbər verir ki, D qrupunda yer alan komandamız bu gün Voleybol Mərkəzində Avstriyanı qəbul edib. Oyun millimizin qələbəsi ilə başa çatıb. İlk setdə 25:19 hesabı ilə qalib gələn yığma sonrakı hissələrdə də rəqibindən üstün olub - 25:19, 25:13. Beləliklə, 3:0 hesabı ilə qalib gələn Azərbaycan yığması 3 xala yiyələnib və aktivindəki xalların sayını 9-a çatdırıb.
Qeyd edək ki, D qrupunda Gürcüstan, Sloveniya və Avstriya millilərinə qarşı mübarizə aparan yığmamız növbəti oyununu da Bakıda keçirəcək. Təsnifat mərhələsində keçirdiyi hər üç görüşdə qalib gələn Eldar Yusubovun rəhbərlik etdiyi milli sentyabrın 3-də Sloveniya kollektivi ilə üz-üzə gələcək.
AVRO-2023-ün final mərhələsinə Belçika, İtaliya, Estoniya və Almaniya ev sahibliyi edəcək. Qruplarda birinci və ikinci yeri tutacaq kollektivlər final mərhələsində iştirak hüququ qazanacaq.
Oruc