Bu gün bəzi vəzifə sahiblərinin xəstəliklərə tutulmasının birinci səbəbi həyatlarını səhv yaşamalarıdır. Təbii ki, bunu hamıya aid etmək olmaz. Əgər qayda qanunla, düzgün işləsə, eyni zamanda "biznesmen" olmasalar, onda belə problemlər olmaz. Vəzifədə olanların gərginliklərinin çox olması hamıya məlumdur. Bir balaca qanunsuzluq ortaya çıxanda vəziyyət daha da pis olur. Allahın qüdrətli sözlərindən olan səbr, təmkin də yavaş-yavaş azalır, qarşılığında da gərginlik çoxalır. Çünki özünün yaşayışında problemlər, səhvlər çoxdur.
Vəzifə sözünə diqqət edin: “vəz ifa”. Yəni, bizi vəzifələrimiz idarə edir. Başqa sözlə, vəzifələrimizi də elə ifa etməliyik ki, bədənimizin quruluşu normal işləsin. Dövlətdə də vəzifəmizin öhdəsindən elə gəlməliyik ki, bu təlatümlər ortaya çıxmasın. Bu gün kiminsə haqqını yeyib, böhtan atıb, əsası olmadan tabeçiliyində olan əməkdaşın hüququnu taptalayaraq, gərginliklə dırnaqarası nələrsə qazandığını və nə qədər qeyri-qanuni işlər gördüyünü hər bir haqsız iş tutan vəzifə sahiblərinin vicdanına və özünə dəqiq məlumdur. Belə vəzifə sahibləri vəzifədə olduğu müddət ərzində parıltılı görünməyinə baxmayaraq, vəzifədən çıxan kimi həmin insanlar çökür.
Onlar düşünürlər ki, dünən başqa adam idim, indi isə heç kim. İnsan gərək, əvvəlcədən bunu düşünsün. Dünyada tam bir olan Allahdır. Tamah sözünə də nəzər salın: “Tam ah”. Beş evin varsa, altıncı evi neyləyirsən?! Başqasının 10 evi varsa, sənin də olmalıdır?! Dünya malında tamahın axırı ahdır. Nə qədər vicdansız insan olsada hər bir şəxs bilir ki, ah-nalə ilə, kiminsə boğazından, ailəsindən yığdıqları var-dövlətin hesabatını bu dünyada olmasalar da, Allah qarşısında verməli olacaqlar. Ona görə də onların həyat gərginliyi artır.
Allahınızı unutmayın, nahaq işlərdən uzaq olun, pul qazananda da halallıq alın ki, müvəqqəti vəzifənizə xitam verildikdən sonra şəkər, insult və infarkt kimi xəstəliklərin qurbanına cevrilməyəsiniz. Cünki Allahın bağışlamadığı günahlardan biridə, kiminsə haqqını yeməkdir.
Hec kəs unutmasın ki, Qanun, ədalət, əxlaq bir-birini tamamlamalıdır.
Əli İbrahimov-hüquqşünas