Avqustun 26-da Azərbaycan prezidenti cənab İlham Əliyev tərəfindən Laçın şəhərinə qayıdışla bağlı paylaşılan tvit xalqımıza böyük sevinc və qürur hissi yaşatdı. Azərbaycan Ordusunun Laçın şəhərinə yerləşdirilməsi və Zabux və Sus kəndlərinin ordumuz tərəfindən nəzarətə götürülməsi ölkəmizin növbəti qələbəsi olmaqla yanaşı, Ali Baş Komandanımız cənab İlham Əliyevin uzaqgörən siyasətinin, prinsipiallığının və qətiyyətinin sübutudur. E yni zamanda sülh və sabitliyin tərəfdarı olan Azərbaycan növbəti dəfə beynəlxalq hüququ və ədaləti təkbaşına bərpa etdi.
Bunu Newscenter.az-a Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
Sədaqət Vəliyeva bildirib ki, baş verən bütün proseslər onu göstərir ki, artıq Ermənistanın yersiz bəhanələrinə, zaman uzatmaq cəhdlərinə yer yoxdur və şərtləri diqtə edən tərəf qalib Azərbaycandır. Rəsmi İrəvan mövcud reallıqları qəbul etməli, öz üzərinə götürdüyü bütün öhdəliklərə əməl etməli və Azərbaycanın onlara verdiyi tarixi şansı dəyərləndirməlidir:
“Şükürlər olsun Tanrıya, artıq Laçın şəhərində də şanlı Azərbaycan bayrağı qürurla dalğalanır. Bu gün Azərbaycanın inkşafının və əldə etdiyi bütün qələbələrin əsasında Azərbaycan prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi müdrik və uzaqgörən siyasət dayanır. Bizlərə bütün bu qələbələri, sevinci və qüruru bəxş edən ölkə başçısı cənab prezidentimiz İlham Əliyevə dərin təşəkkürümü bildirirəm!”
Ruhiyyə