Tayvan adası ətrafında artan gərginlik və müharibə ehtimalı Çində fəaliyyət göstərən böyük şirkətləri də qorxudub. ABŞ-ın və dünyanın məşhur “Apple” şirkəti Çindəki müəssisələrini Vyetnam və Hindistanla əvəz etmək istəyir. Şirkət Vyetnamda bilgisayarlar, Hindistanda isə ayfonlar istehsal edəcək. Şirkətin Çini sürətlə tərk etməsinin səbəbi ABŞ-la Çin arasında mümkün müharibə ilə bağlıdır. Böyük şirkətlərin rəhbərləri və analitikləri Tayvan ətrafında vəziyyət gərginliyin davam edəcəyini proqnozlaşdırırlar. Tayvan ətrafında hərbi təlimlərin sayının artması da bundan xəbər verir.
“Financial Times” dərgisi avqust ayında Tayvan ətrafında gərginliyin artmasıyla yanaşı böyük şirkətlərin Çin bazarını tərk etmələriylə bağlı planlar qurmaları barədə məqalə yayınlayıb. Vaşinqtonun Çini tərk etməklə bağlı böyük şirkətlərə təzyiqi artıb. Vaşinqton həmin şirkətlərə məsləhət görüb ki, bizneslərini şaxələndirsinlər və Çinə qonşu olan ölkələrə köçsünlər.
Buna baxmayaraq, Çin böyük şirkətlər üçün əsas bazardır. Ona görə həmin şirkətlər Çini dərhal tərk edə bilməzlər. Digər tərəfdən çinlilərin maaşlarının az olması böyük şirkətlərə sərf edir. Ancaq böyük şirkətlər istehsalın bir hissəsini Çindən Vyetnama, Hindistana və Malayziyaya köçürmək barədə qərar verməyə hazırdılar. Bu Çinə qonşu olan ölkələr üçün yeni imkanları açır. Böyük şirkətlərin təmsilçiləri açıqlamalarında çinlilərlə problemlərinin olmadığını desələr də, mövcud vəziyyətdə istehsalı köçürmək barədə başqa alternativlərinin olmadıqlarını bildiriblər. Pekinin onların vəziyyətini anlamalarını istəyirlər. Bölgədə müharibə risqi var və böyük şirkətlər mümkün müharibəyə görə bizneslərini itirmək istəmirlər.
Böyük şirkətlər payız aylarında Çin Kommunist Partiyasının qurultayının nəticəsini də gözləyəcəklər. Kommunist Partiyasının və ölkənin lideri Tsi Sinpin ənəni pozaraq üçüncü dəfə partiyaya rəhbər seçilmək istəyir. Əgər bu qurultaydan sonra Pekinin Kremllə yaxınalşması sürətlənərsə Tayvan ətrafında ABŞ-la müharibə ehtimalı artacaq.
Elxan Şahinoğlu-“Atlas” Araşdırmalar Mərkəzinin sədri