Dünya Alpaqut Federasiyasının 3-cü qurultayında Federasiyasının prezidenti seçildim. Namizədliyimi irəli sürən və məni bu yüksək vəzifəyə layiq görən Federasiyanın idarə heyəti üzvlərinə dərin təşəkkürlərimi bildirir, mənə göstərilən etimadı layiqincə doğruldacağımdan əminliyimi ifadə edirəm.
Onu da qeyd edim ki, Alpaqut türksoylu xalqların ortaq mədəniyyətini və Turan Döyüş Sənətini inkişaf etdirən yeganə beynəlxalq idman təşkilatıdır.
Bəs, Alpaqut döyüş sənəti Azərbaycan dövlətinə nə verir? Alpaqut döyüş sənəti Azərbaycanın milli dövlətçilik fəlsəfəsinin prinsiplərinə uyğun olaraq beynəlxalq səviyyədə tətbiq olunan emosional mədəniyyət siyasətinə intellektual reaksiya fonunda yeni bir ekolun, milli mədəniyyət identifikasiyasının parametrlərini təqdim edir.
1.Alpaqut Azərbaycanın idman brendi kimi.
Nəzərə alsaq ki, Alpaqut döyüş sənətinin bütün hüquqi sənədləri Azərbaycana aiddir, məhz bu səbəbdən beynəlxalq idman arenasında bu idman növü bir Azərbaycan brendi kimi dünyada tanınır.
2.Alpaqut türk dünyasına inteqrasiya kimi.
Alpaqut türk xalqlarının ortaq mədəni dünyagörüşünü təmsil və təbliğ etdiyi üçün türksoylu xalqlarla ortaq mədəni dəyərlərin inkişafında böyük rol oynayır.
3. Alpaqut lobbiçilik fəaliyyəti kimi.
Alpaqut, eyni zamanda lobbiçilik fəaliyyəti kimi Azərbaycan dövlətinə faydalıdır. Belə ki, Alpaqutun mərkəzi Azərbaycan olduğu üçün, ona bağlı olan xarici ölkə nümayəndəlikləri, klubları, federasiyaları və assosiasiyaları Alpaqut ilə Azərbaycanın dilini, mədəniyyətini, döyüş sənətini, ideologiyasını müdafiə edəcək və təbliğatını aparacaqlar.
4. Alpaqutun iqtisadiyyata faydası.
Bildiyiniz kimi, Azərbaycanda fəaliyyət göstərən döyüş növləri federasiya və klubları tabe olduqları beynəlxalq federasiyaların nümayəndəlikləri sayılır. Hər il bu beynəlxalq təşkilatlara illik üzvlük haqqı ödənilir - seminar pulu, imtahan pulu, hakimlik pulu, yarışlara giriş haqqı və s. Bu pullar isə Azərbaycan vətəndaşlarının və ya idmandan cavabdeh dövlət qurumlarının büdcəsi hesabına başa gəlir. Hər iki halda ölkədən valyuta xaricə çıxır. Lakin Alpaqut döyüş sənəti Azərbaycanda olduğu üçün, ona bağlı xarici nümayəndəliklər yuxarıda qeyd edilən ödənişləri Azərbaycana göndərirlər. Belə olan halda ölkəyə əlavə valyuta axını baş verir. Bundan əlavə, Alpaqutun keçirdiyi beynəlxalq kuboklar, tədbirlər və çempionatlara gələnlər də bir neçə gün ölkəmizin qonağı olaraq yenə də ölkə iqtisadiyyatına kütləvi şəkildə dəstək vermiş olurlar.
5. Alpaqutun turizmə faydası.
Hər il müxtəlif ölkələrdən olan idmançı və məşqçilərin Alpaqut kursları və seminarlarında iştirak etmək zərurətindən Azərbaycana gəlmək məcburiyyəti olduğu üçün turizmin inkişafına böyük fayda vermiş olurlar. Eyni zamanda Alpaqutun keçirdiyi beynəlxalq kuboklar, tədbirlər və çempionatlara gələnlər də bir neçə gün ölkəmizin qonağı olaraq ölkəmizdə turizmin inkişafına dəstək verirlər.
6. Alpaqut milli şüurun formalaşması kimi.
Alpaqut Turan döyüş sənəti Azərbaycan xalqının etnopsixoloji dəyərlərinə uyğun olduğu üçün, gənc nəsildə milli özünəməxsusluq hissini inkişaf etdirir, milli məfkurənin formalaşmasını, milli tarixi köklərimizin öyrənilməsini təmin edir, Vətənə, dövlətə və dövlətçiliyimizə hörmət, məhəbbət hissini formalaşdırır.
7. Alpaqut Azərbaycanın xarici siyasət strategiyasına adekvat diplomatik resurslara pozitiv reaksiya fonunda.
Azərbaycanın yerləşdiyi mürəkkəb geosiyasi məkan və ölkəmizi təhdid edən geostrateji təhdidlər nəzərə alındıqda Alpaqut milli federasiya kimi beynəlxalq və regional səviyyədə Azərbaycan diplomatiyasına pozitiv dəstək xarakterli fəaliyyət prinsipini rəhbər tutur.
8. Alpaqut idman mədəniyyətində balans rolunda.
Alpaqut qlobal səviyyədə sivilizasiya proseslərini, onların neqativ təsir aspektini nəzərə alaraq üçüncü ölkələrin idman mədəniyyətinin ölkəmizdə dominantlığına adekvat balans rolunu oynayan bir aktordur. Bu gün beynəlxalq səviyyədə fəaliyyət göstərən transmilli federasiyalar, eyni zamanda müəyyən ideoloji və siyasi məqsədlərə xidmət edir. Bu konteksdə Alpaqut ölkəmizdə bu balansın qorunması istiqamətində funksional vəzifə daşıyır.
9. Alpaqut milli təhlükəsizlik siyasətində.
Alpaqut Azərbaycan Respublikasının milli təhlükəsizlik siyasətinin dəstəklənməsi fonunda mikro və makro səviyyədə prinsipial fəaliyyət həyata keçirir. Ölkəmizin gələcək siyasi taleyini düşünərək, eyni zamanda həyatın müxtəlif istiqamətlərində Azərbaycanın dövlət maraqlarının müdafiəsinə yönəlik fəaliyyətləri dəstəkləyərək töhfəsini verir.
10. Alpaqutun mənfi tendensiyalara reaksiyası.
Alpaqut üçüncü minilliyin demokratik çağırışlarına uyğun olaraq, ksenofobiya, irqçilik, transmilli cinayətkarlıq, terrorizm, insan alveri kimi mənfi tendensiyalara pozitiv reaksiya fonunda aktor kimi böyük rol oynayır. Alpaqut yalnız idman siyasətini deyil, bütövlükdə insanın sosial fəaliyyətinin bütün sferalarını əhatə edən milli və beynəlxalq çağırışları qəbul edir, bəşəri və milli dəyərlərin mühafizəsi, humanizm, liberalizm kimi dəyərləri maksimum öz fəaliyyəti ilə dəstəkləyir.
Dünya Alpaqut Federasiyası 17.05.2022-ci il tarixində Almaniyanın Beynəlxalq İdman Elmləri və Bədən Tərbiyəsi Şurası (ICSSPE - International Council of Sport Science and Physical Education) tərəfindən rəsmən üzvlüyə qəbul edilib.
ICSSPE - Beynəlxalq İdman Elmi və Bədən Tərbiyəsi Şurası idman, idman elmi və bədən tərbiyəsi üzrə beynəlxalq çətir təşkilatıdır. ICSSPE öz fəaliyyətini Elm, Təhsil və Siyasət sahələrində həyata keçirir. O, fənlərarası tədqiqatları təşviq edir və bir sıra layihələrdə müntəzəm iştirak edir. Təşkilat idman elmi, bədən tərbiyəsi və fiziki hazırlıq sahəsində peşəkar kadrların yetişdirilməsinə yardım edir və dövlət orqanlarına və qeyri-hökumət idman təşkilatlarına səmərəli və davamlı siyasətlərin işlənib hazırlanmasında dəstək verir. ICSSPE bir sıra milli və beynəlxalq təşkilatlarla əməkdaşlıq edir.
Azərbaycan başda olmaqla 47 ölkə üzrə rəsmi nümayəndəlikləri, klub, federasiya və assosiasiyaları olan Dünya Alpaqut Federasiyasının yaradılmasında əsas məqsəd, Alpaqut Turan Döyüş Sənətinin dünyada inkişafını təmin etmək və qədim türk döyüş ənənələrini dünyaya tanıtmaqdır.
Jalə Əhmədova-Milli Məclisin deputatı