Ermənistan və Azərbaycan arasında bir çox platformalarda görüşlər keçirilib. Bu görüşlər, iki ölkə arasında mövcud problemləri həll etməyin yolları və gələcəkdə əlaqələrin bərpası üçün, faydalı addımlardan sayıla bilər.
Newscenter.az-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən siyasi şərhçi Çingiz Şahbazi deyib ki, keçirilən platformalarda Brüssel formatı xüsusi əhəmiyyət kəsb edib və aparılan müzakirələrdə problemlərin həlli istiqamətində mühüm razılıqlar əldə edilib:
"Bu gün Azərbaycan prezidenti İlham Əliyev və erməni baş nazir Paşinyan arasında, Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə növbəti, dördüncü görüşün baş tutması gözlənilir. Geniş auditoriya tərəfindən maraqla qarşılanan bu görüş, yekun sülh sazişinin imzalanması yönündə mühüm əhəmiyyət daşıya bilər. Hər iki ölkənin hökumət başçıları sülh sazişinin imzalanması yönündə, tövsiyələr əsasında üzərinə öhdəlik götürməlidir. Xüsusilə Ermənistan tərəfi, sülh sazişinin bağlanması prosesində ciddi şəkildə addımlar atması lazımdır. Çünki bütün dönəmlərdə, hər hansı bir səbəbdən atılan səhv addım Ermənistan tərəfini ciddi fəsadlarla məruz qoyub".
Mehman