“Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin 2022-ci il avqustun sonlarında Azərbaycana etdiyi səfər həm siyasi, həm də iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb edir. Bu səfər ölkələrimiz və xalqlarımız arasında dostluq və əməkdaşlıq münasibətlərinin yeni, keyfiyyətcə daha üstün mərhələyə keçidi üçün son dərəcə əlverişli zəmin yaratmış oldu. Səfər çərçivəsində ölkələrimiz arasında imzalanmış 20-dən artıq sənəd ikitərəfli əməkdaşlıqda yeni səhifənin açılması deməkdir”.
Newscenter.az xəbər verir ki, bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov bildirib.
Millət vəkili deyib: “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında 2022-2026-cı illər üzrə əməkdaşlığın inkişaf etdirilməsi haqqında Kompleks Proqram” növbəti dörd il ərzində mövcud əməkdaşlıq sahələrinin daha da genişlənməsini, münasibətlərin dərinləşməsini və möhkəmlənməsini nəzərdə tutur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev türkdilli dövlətlərlə əlaqələrin inkişaf etdirilməsini prioritet məsələ kimi daim diqqət mərkəzində saxlayır. Dövlətimizin başçısının bu istiqamətdə göstərdiyi səylər tərəfdaş ölkələr tərəfindən də yüksək qiymətləndirilir. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev tərəfindən bütün qazax xalqı adından Azərbaycan Prezidenti cənab İlham Əliyevə təqdim olunmuş Qazaxıstan Respublikasının “Altın kıran” ali ordeni də məhz dövlətimizin başçısının Azərbaycan-Qazaxıstan münasibətlərinin möhkəmlənməsi üçün gördüyü işlərə verilən yüksək qiymətin bir təzahürüdür.”
Azərbaycan-Qazaxıstan iqtisadi əlaqələrinin formalaşmasında və inkişafında nəqliyyat-logistika infrastrukturunun xüsusi rolunu vurğulayan deputat bildirib ki, bu sahənin inkişaf etdirilməsi bütün Xəzər hövzəsi ölkələrinin maraqlarına cavab verir:
“Öz çıxışında cənab İlham Əliyev xüsusi olaraq vurğuladı ki, bu gün nəqliyyat-logistika infrastrukturunun yaradılması üçün həm Qazaxıstanda, həm də Azərbaycanda vaxtında tədbirlər görülüb. İndi isə ölkələrimiz arasında yük axınının birləşdirilməsi və onun həcminin artırılması, tranzit potensialının yüksəldilməsi kimi strateji məsələlərin müzakirələri aparılır. Eyni zamanda, müvafiq orqanlar artıq xeyli vaxtdır ki, bu istiqamətdə fəal qarşılıqlı fəaliyyət göstərirlər. Vacib məqamlardan biri də budur ki, Azərbaycan və Qazaxıstan hazırda Orta Dəhliz layihəsinin reallaşması üzərində çalışırlar. Bir vacib məqamı da qeyd etmək lazımdır ki, avqustun 24-də Azərbaycan və Qazaxıstan Prezidentləri tərəfindən imzalanmış “Qazaxıstan ilə Azərbaycan arasında strateji münasibətlərin möhkəmlənməsi və müttəfiqlik qarşılıqlı əlaqələrinin dərinləşməsi haqqında Bəyannamə”də Azərbaycanın Şərqi Zəngəzur rayonunun Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə birləşdirilməsinin vacibliyi də qeyd edilib ki, bu da Orta Dəhlizin tərkib hissəsi olacaq. Təbii ki, Orta Dəhliz layihəsi bütün Xəzəryanı dövlətlərin, eləcə də Avrasiya məkanında yerləşən ölkələrin ticari imkanlarını artıracaq və bununla da iqtisadi inkişafın yeni perspektivlərini təqdim edəcəkdir”.
Millət vəkili daha sonra qeyd edib ki, Qazaxıstan Azərbaycana münasibətdə dövlətlərin ərazi bütövlüyü prinsipini həmişə dəstəkləyib və ölkələrimiz arasında bu kimi məsələlərdə mövcud olan mövqe eyniliyi və ortaq baxışlar gələcəkdə də əməkdaşlığın inkişafı üçün yaxşı zəmin yaradır:
“Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev xüsusi olaraq vurğuladı ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsini mühüm tarixi əhəmiyyət kəsb edən hadisə kimi qiymətləndirir. Qazaxıstan Azərbaycana münasibətdə dövlətlərin ərazi bütövlüyü prinsipini həmişə dəstəkləyib. Əlbəttə ki, ölkələrimiz arasında bu prinsipial məsələyə eyni mövqe və yanaşmaların mövcudluğu gələcəkdə də əməkdaşlığın inkişafına möhkəm zəmin yaradır. Bir maraqlı məqamı da xüsusi qeyd etmək laımdır ki, Qazaxıstan Prezidentinin ölkəmizə səfəri çərçivəsində Qazaxıstanın Azərbaycana hədiyyəsinin – işğaldan azad edilmiş ərazilərdə tikiləcək Uşaqların Yaradıcılığının İnkişafı Mərkəzinin təqdimatı keçirildi. Möhtərəm dövlət başçımızın öz çıxışında qeyd etdiyi kimi, bu təqdimatın keçirilməsi xalqımıza qardaşcasına münasibətin daha bir təzahürü, humanitar əməkdaşlığın daha bir elementidir. Qeyd olundu ki, Mərkəz Füzuli şəhərində tikiləcəkdir. Qazaxıstanın Qarabağın yenidən qurulmasında iştirakı ölkələrimiz və xalqlarımız arasında mövcud olan səmimi dostluq münasibətlərinin ən bariz təzahürlərindən biridir”.
Mehman