Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Malik Həsənov: “Azərbaycanın dövlətçilik tarixinin şanlı səhifəsi"

Malik Həsənov: “Azərbaycanın dövlətçilik tarixinin şanlı səhifəsi"


“İllər keçdikcə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərinin miqyasının böyüklüyü daha aydın görünür, fəaliyyətinin hər bir istiqaməti bir tədqiqat mövzusu kimi diqqətdə olur. Ümummilli Liderin “Nə qədər ki Azərbaycan var, mən də varam. Mən isə Azərbaycanda əbədi olacağam!” fikirləri dünənimiz, bu günümüz və gələcəyimiz üçün gördüyü bütün işlərin aydın mənzərəsini yaradır. Vətən, xalq sevgisi atdığı hər bir addımın əsasında dayanıb. Azərbaycanı müstəqil, qüdrətli, xalqımızı yüksək rifah şəraitində görmək istəyən ulu öndər Heydər Əliyevin 1991-ci il 3 sentyabr tarixində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsi də Azərbaycanın dövlətçilik tarixinin ən mühüm səhifələrindən biridir.”

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Malik Həsənov qeyd edib ki, Ümummilli Liderin fəaliyyətinin Naxçıvan mərhələsi nə qədər mürəkkəb bir dövrə təsadüf etsə də, bu illərin Azərbaycanın müstəqillik tarixində xüsusi yeri vardır: “Prezident İlham Əliyev həmin dövrü belə xarakterizə edir ki, o illərdə nəinki Naxçıvan, eyni zamanda, Azərbaycan üçün tarixi qərarlar qəbul edilmişdir. Belə ki, o vaxt Naxçıvanın adı dəyişdirildi. Ulu Öndərin təklifi ilə “sovet sosialist” sözləri muxtar respublikanın adından çıxarıldı. Naxçıvanda ilk dəfə olaraq 1990-cı illərdə Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı dövlət bayrağı kimi qəbul edildi və Azərbaycanın Ali Soveti qarşısında vəsatət qaldırıldı ki, Azərbaycan dövləti də bu bayrağı rəsmi dövlət bayrağı kimi təsdiq etsin. 1991-ci ildə Sovet İttifaqının saxlanması üçün keçirilən qanunsuz referendumda Naxçıvan iştirak etməmişdir. Bütün bu addımlar sonrakı dövrdə Azərbaycanın dövlət müstəqilliyini şərtləndirdi.”

Millət vəkili diqqəti həmin dövrdə Azərbaycanın bu günü və gələcəyi üçün atılan addımlar sırasında 1991-ci il dekabrın 16-da Ali Məclis tərəfindən “31 Dekabr Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında” Qərarın qəbul olunmasına yönəldib: “Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların bir amal, ideya-azərbaycançılıq məfkurəsi ətrafında sıx birliyinin, həmrəyliyinin yaradılması ulu öndər Heydər Əliyevin fəaliyyətinin əsas istiqamətlərindən biri olub. Bu gün böyük fəxr hissi ilə qeyd edə bilərik ki, məhz dahi şəxsiyyətin fəaliyyətinin Naxçıvan dövründə bu istiqamətdə yaradılan möhkəm təməl sonrakı illərdə dünya azərbaycanlılarının birliyinin daha da möhkəmləndirilməsində, diaspor quruculuğunun geniş vüsət almasında əhəmiyyətli rol oynadı. Bu gün dünyaya səs salan tarixi Zəfərimizdə də bu birliyin, həmrəyliyin rolu inkaredilməzdir. Ulu öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra bu çağırışı etdi ki, müstəqilliyimizi əbədi etmək üçün harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlılardan bir amal ətrafında sıx birlik tələb edilir. Diaspor quruculuğu dövlət siyasətinin əsas tərkib hissəsinə çevrildi. Bu istiqamətdə atılan addımların uğurlu nəticəsi tarixi Zəfərimizdə özünün aydın ifadəsini tapdı.”

Millət vəkili, həmçinin o illərdə Naxçıvanda Azərbaycanın ictimai-siyasi həyatında mühüm rola malik olan, dövlətə, xalqa xidməti fəaliyyətinin önündə saxlayan Yeni Azərbaycan Partiyasının yaradılmasından da bəhs edib: “1992-ci il noyabrın 21-də müasir müstəqil Azərbaycanın gələcəyi üçün mühüm rol oynayan Yeni Azərbaycan Partiyasının əsası qoyuldu. Yarandığı gündən ümumxalq partiyası kimi nüfuz qazanan Yeni Azərbaycan Partiyası ulu öndər Heydər Əliyevin bəyan etdiyi kimi, dünənin, bu günün və gələcəyin partiyasıdır. Sıralarını kəmiyyət və keyfiyyət baxımından günbəgün möhkəmləndirən, cəmiyyətin avanqard qüvvəsinə çevrilən YAP bu il 30 illik yubileyini qeyd edəcək. 30 illik yolun təhlilinin ümumiləşdirilmiş ifadəsi olaraq qeyd edə bilərik ki, milyonların sevgisini qazanan YAP bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacaq. Ümummilli Liderin qeyd etdiyi kimi, Yeni Azərbycan Partiyasına xidmət etmək dövlətə, xalqa xidmət etmək deməkdir”.

Malik Həsənov bu məqamı da xüsusi qeyd edib ki, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda böyük işlər görülsə də, həmin illərdə ölkədə hakimiyyətdə olanların idarəçilikdən xəbərsiz olmaları, bacarıqsızlığı, şəxsi ambisiyalarını dövlət maraqlarından üstün tutmaları Azərbaycanı daxildən parçalanmağa, məhv olmağa sürükləyirdi: “Torpaqlarımızın işğal olunması, yaranmış gərgin ictimai-siyasi vəziyyət 1993-cü ilin iyununda son həddə çatdı. Azərbaycan öz dövlət müstəqilliyini ikinci dəfə itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Vəziyyətin getdikcə ağırlaşdığını görən xalq yeganə ümid yeri kimi həmin vaxt Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri olan ulu öndər Heydər Əliyevə üz tutdu. Dahi şəxsiyyət xalqın çağırışlarına cavab verərək 1993-cü ildə hakimiyyətə qayıdışı ilə Azərbaycanı müstəqilliyini itirmək təhlükəsindən xilas etdi. Ulu Öndərin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində 1991-ci il sentyabrın 3-dən Naxçıvandan başlanan müstəqillik yolu uğurla davam etdirildi. 1993-2003-cü illər Azərbaycan tarixinə dirçəliş, inkişaf, tərəqqi dövrü kimi yazıldı. 2003-cü ildən sonrakı dövr Böyük Yolun davamıdır. Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycanın adını tarixə qalib ölkə kimi yazdı. Bugünkü Azərbaycan ulu öndər Heydər Əliyevin görmək istədiyi Azərbaycandır. Sözünün imzası qədər əhəmiyyətli olduğunu təsdiqləyən Azərbaycan yeni reallıqlar yaratdı. Bu gün Qarabağımızı və Şərqi Zəngəzuru cənnət məkana çevirmək üçün genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Azərbaycanın qazandığı möhtəşəm uğurlar Heydər Əliyev siyasətinin təntənəsidir.”
Xəbəri paylaş