Arı sancması zamanı çox vaxt tibbi müdaxiləyə ehtiyac qalmasa da, arı sancmasına qarşı allergiyası olan və ya bir neçə arı tərəfindən sancma nəticəsində şəxslər xoşagəlməz hallarla qarşılaşa bilərlər. Əlamətlər şəxsə görə yüngül və ya ağır ola bilər. Arı sancmasına qarşı allergiya olmazsa və bir neçə arı şəxsi sancmazsa əlamətlər yüngül ağrı, qaşıntı və sancılan nahiyədə isinmə hiss edilir.
Newscenter.az TƏBİB-ə istinadən xəbər verir ki, baş verən ağrılar sancma sayına, arının iynəsinin uzunluğuna, arının növünə (eşşək arısı, vəhşi arı) dəyişə bilir. Bal arıları adamı sancdıqdan sonra ölür, amma eşşək və vəhşi arı birdən çox sanca, eləcə də sonra yaşaya bilərlər.
Arı sancması zamanı ilk yardım tez edilərsə, ağrı daha az, sağalma isə daha sürətli olar. Belə ki, ilk olaraq 30 saniyə içərisində arının iynəsini (dırnaq ucu və s.) çıxarmaq lazımdır. İynənin sıxılaraq çıxarılması kisəyi partladıb daha çox zəhərin bədənə yayılmasına səbəb ola bilər. Buna görə də son dərəcə ehtiyatlı olmaq lazımdır.
Daha sonra arının sancdığı yer soyuq su və sabunla yuyulmalıdır. Soyuq su rahatlamağa, sabunla yumaq isə çirki və zəhəri oradan təmizləməyə kömək olur. Ağrının qarşısını almaq üçün sözügedən nahiyəyə buz qoyulması əsas şərtlərdən biridir. Buz zəhərin bədəndən sovrulmasında da xüsusi rol oynayır. Buzu birbaşa nahiyəyə qoymaq isə həkimlər tərəfindən məsləhət edilmir. Yanmaya səbəb ola biləcəyini deyən həkimlər buzun nazik parçaya bükülərək sancılan yerə qoyulmasını tövsiyə edirlər.
Arının sancdığı yerdə 1-3 saat şiddətli ağrılar, 7 günə qədər şişkinlik və qızarıqlıq ola bilər. Qaşıntının qarşısını almaq üçün isə mütləq həkim məsləhəti ilə dərmanlar almaq lazımdır.
Arı sancması zamanı əlamətlər yüngül olsa belə yaxınlıqdakı tibb müəssisəsinə müraciət etməyiniz tövsiyə olunur.
Arı sancması zamanı allergik reaksiyalar müşahidə olunursa, tənəffüs darlığı, boğulma, səs tutulması, udma çətinləşməsi, narahatlıq və taqətin olmaması müşahidə edilərsə mütləq təcili tibbi yardım çağırmaq və peşəkar tibbi yardım almaq məsləhət görülür.