Milli Məclisin deputatı Könül Nurullayevanın Nizami rayon sakinləri ilə görüşləri müntəzəm olaraq davam edir. Belə ki, millət vəkili K.Nurullayeva İmadəddin Nəsimi küçəsi 20, Qara Qarayev 58 və Əzim Əzimzadə 19 ünvanlarında yaşayan seçiciləri ilə görüş keçirib və onların rastlaşdığı gündəlik problemlər ilə yaxından tanış olub. Sakinləri narahat edən problemlərin aidiyyəti üzrə müvafiq qurumlara ünvanlanması üçün qeydiyyat aparılıb, bu və ya digər məsələlər ilə bağlı verdikləri suallar ətraflı cavablandırılıb və problemlərin həll olunması istiqamətində mövcud prosedur qaydaları izah edilib.
K.Nurullayevanın qərargahından Newscenter.az-a verilən məlumata görə, qaldırılan məsələlər əsasən binanın dam örtüyünün bərpa olunması, nasaz işıq dirəklərinin təmir olunması, məhəllənin abadlaşdırılması və asfalt örtüyünün yenilənməsi, həmçinin məhəllədə maşınların hərəkətinin məhdudlaşdırılması üçün tədbir görülməsi, vətəndaşların işlə təmin olunması və s. ilə bağlı olub.
Qeyd edək ki, səyyar görüş sonunda sakinlər tərəfindən qaldırılan məsələlərə dair araşdırmanın aparılacağı və onların həlli istiqamətində müvafiq addımların atılacağı seçicilərin diqqətinə çatdırılıb.
Ruhiyyə