Erməni terrorçuları yenidən Azərbaycan əsgərlərinə atəş açıblar. Həm də Xankəndidə separatçı rejim yürüş mitinq keçirib. Əslində Brüssel görüşündən sonra bu kimi hallar gözlənilən idi. Çünki, Brüssel platforması çərçivəsində keçirilən görüşlərdə hər zaman irəli doğru addımlar atılıb və bu addımlar heç də regionda öz gücünü saxlamağa çalışan Rusiya tərəfindən müsbət qarşılanmayıb.
Newscenter.az xəbər verir ki, bu fikirləri siyasi şərhçi Çingiz Şahbazi səsləndirib. O bildirib ki, əksinə hər dəfə bu kimi görüşlərdən əldə olunan razılaşmalar, Rusiyada qısqanclıqla qarşılanıb və iki ölkə arasında münasibətlərin korlanmasına xidmət edən hallar baş verməyə başlayıb:
"İlham Əliyevin Avropada səfəri ərəfəsində verdiyi ciddi bəyənatların təsirini də bura əlavə etsək, baş verən hadisələrin səbəbi kimi bəzi dairələrin narahatlığını görməmək mümkün deyil. Avropa İttifaqının vasitəçilik missiyası çərçivəsində Azərbaycan və Ermənistan hökumət başçılarının qarşılıqlı razılaşma əsasında imzaladıqları sənədlər dünya mətbuatında sülhə doğru atılan daha bir addım kimi qiymətləndirilib".
Çingiz Şahbazi qeyd edib ki, görüşün səmərəli keçməsi, ümidverici qərarların qəbul edilməsi, regionda yaşayan xalqlara verilən hörmət kimi qəbul olunur:
"Amma yenə də qarşı tərəfin mövqeyinə təsir göstərən qüvvələr öz çirkin siyasətlərindən əl çəkmək istəmirlər. Amma zaman dəyişir və biz haqlı mövqeyimizi axıra kimi müdafiə edəcəyik.Bunu hər kəs sonda qəbul edəcəkdir".
Mehman