Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hong Kong Beynəlxalq Riyaziyyat Olimpiadasının qaliblərinin mükafatlandırma mərasimi keçirilib

Hong Kong Beynəlxalq Riyaziyyat Olimpiadasının qaliblərinin mükafatlandırma mərasimi keçirilib


Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatı, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) və “LEAD Education” Təhsil və İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının Nizami rayon təşkilatının inzibati binasında Riyaziyyat fənni Hong Kong Beynəlxalq Riyaziyyat Olimpiadasının mükafatlandırma mərasimi keçirilib.

Newscenter.az xəbər verir ki, tədbirdə qonaq qismində Yeni Azərbaycan Partiyasının Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin Gənclərlə iş sektorunun müdiri Zamin Əhmədov, Bakı Slavyan Universitetinin professoru, Əməkdar müəllim Telman Cəfərov, “LEAD Education” Təhsil və İnkişaf Mərkəzinin direktoru Eltac Cəbiyev, Bakı İstanbul Liseyinin direktoru Tural Abbasquliyev, Azərbaycan İncəsənət Məktəbinin direktoru Tural Əliyev, Zirvə liseyinin direktor müavini Yaşar Zeynalov iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsilə başlanıb, ardınca tədbir iştirakçıları torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla anıblar. “LEAD Education” Təhsil və İnkişaf Mərkəzinin direktoru Eltac Cəbiyev rəhbəri olduğu mərkəzin ev sahibliyi etdiyi beynəlxalq təhsil layihələri haqqında tədbir iştirakçılarını məlumatlandırıb və qalib şagirdləri təbrik edib. E.Cəbiyev qeyd edib ki, istedadlı və yaradıcı təfəkkürü ilə seçilən şagirdləri aşkar etmək istiqamətində ölkəmizdə keçirilən beynəlxalq olimpiadada “Laiqlik” sertifikatları ilə birgə 96 şagird müvəffəqiyyət əldə edib. Onlardan 42 şagird “Laiqlik” sertifikatına, 39 şagird bürünc, 11 şagird gümüş, 4 şagird qızıl medal qazanıb. Azərbaycan şagirdlərinin beynəlxalq olimpiadalarda respublikamızı təmsil etməsi təhsilimizin beynəlxalq təhsil sisteminə inteqrasiyasını sürətləndirir. O, həmçinin dövlət ümumtəhsil məktəbləri ilə yanaşı, özəl təhsil müəssisələri şagirdlərinin də olimpiadada fəal iştirakını vurğulayıb.

Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov çıxış edərək Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi və Prezident İlham Əliyev tərəfindən həyata keçirilən gənclər siyasətində təhsil istiqamətindən danışıb. Qeyd edib ki, gənclərin elmi, intellektual potensialının artırılması üçün ciddi təhsil və mədəni islahatların həyata keçirilməsi gənclər siyasətinin əsas istiqamətlərindəndir, Bu gün gənclərimizin qazandığı nailiyyətlər uğurlu gənclər siyasətinin nəticəsidir.

Bakı Slavyan Universitetinin professoru, Əməkdar müəllim Telman Cəfərov bu cür beynəlxalq olimpiadalarda azərbaycanlı şagirdlərin fəal iştirakını və yüksək nəticələr əldə etməsinin qürurverici olmasını bildirib. O, çıxışının davamında qeyd edib ki, şagirdlərimizin bu gündən atmağa başladığı addımlar gələcəkdə onların qazanacağı akademik uğurların ilk sədalarıdır. Onların bu kimi bilik yarışlarında uğuru həm də qaliblərin təhsil aldıqların müəssisələrin, valideynlərin diqqət və zəhmətinin bəhrəsi kimi dəyərləndirilib. Sonda professor Telman Cəfərov bütün qalibləri təbrik edib, onlara gələcək təhsil həyatlarında uğurlar arzu edib. Daha sonra Azərbaycan İncəsənət Məktəbinin direktoru Tural Əliyev qalibləri təbrik edib və gələcək fəaliyyətlərində onlara uğurlar diləyib.

Tədbirin sonunda olimpiadanın iştirakçıları və qalibləri sertifikat və medallarla mükafatlandırılıblar.
Xəbəri paylaş