Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"Psixoloq" qadınların gələcəyə hazırladıqları "mina"

"Psixoloq" qadınların gələcəyə hazırladıqları "mina"


Paytaxt Bakının Nizami rayonunda "Mehnur" loqopedik reabilitasiya mərkəzində çəkilən və yayılan kadrlar gündəmin əsas mövzularındandır. Bu məsələnin belə qısa müddət ərzində ictimailəşməsi heç də təsadüfi deyil. Bunun əsaslı səbəbləri var. Birincisi, oxşar mərkəzlərdə azyaşlılara qarşı zorakılıq ilk belə hal deyil. Əvvəllər də dəfələrlə oxşar hadisələr barədə eşitmiş, oxumuşuq. İkincisi, bu, elə bir məsələdir ki, hər kəsi maraqlandırır. Çünki hər birimizin ailəmizdə uşaq var. Azyaşlılar hər kəsin ən həssas yerlərindən biridir. Xüsusilə valideynlərin, böyük qardaş- bacılarının onların üzərində necə əsdiklərini hər birimiz bilirik. Elə isə, hansısa mədəniyyətsizin (ən yumşaq ifadə ilə) uşaqlarımıza əl qaldırmaq haqqı varmı? Yox. Heç bir halda. Bunu valideyn etmirsə, başqaları necə, hansı hüquqla edə bilər?! İstəyirsən, loqopet ol, istəyirsən tərbiyəçi, əgər uşağa zorakılıq tətbiq edirsənsə və bundan zövq alırsansa, deməli, insan deyilsən. Bəlkə də, son cümləni təhqir kimi qiymətləndirmək olar. Fəqət, həmin şəxslərin davranışı nəinki konkret fərdə və ailəyə, bütünlüklə cəmiyyətə, bəşəriyyətə qarşı vandallıqdır.

Ümumiyyətlə, insan gücünü özündən zəif üzərində göstərməməlidir. Bu, ciddi psixoloji problemdir. Deməli, sözügedən mərkəzlərə işə qəbul edilən əməkdaşlar mütləq psixoloji testlərdən keçirilməlidirlər. Əlbəttə, mərkəz rəhbərlərinin də üzərinə böyük məsuliyyət düşür. Onlar da əməkdaşlar qədər cavabdehdirlər. Hətta, bəlkə də, daha çox...

Beləliklə, sözügedən videolardakı əməllərin nə əsası, nə də bəraəti var. Həmin qadınlara heç bir halda haqq qazandırmaq olmaz. Onlar nəinki loqopetlikdən, psixoloqluqdan, həmçinin qadınlıqdan, analıqdan da çox uzaqdırlar. Unutmaq olmaz ki, bu cür davranışlar uşaqlarda çox ciddi psixoloji travmalara səbəb olur. Bu isə gələcəyə, gəncliyə böyük zərbədir.

Kənan Novruzov
Xəbəri paylaş