Sosial şəbəkələrdə Aprel döyüşlərinin iştirakçıları haqqında saxta cinayət işi açılaraq işgəncə ilə qətlə yetirilən, işgəncələrə məruz qalıb şikəst olanlar haqqında gedən tükürpədici məlumatlardan sarsılmamaq mümkün deyil.
Hərb tariximizə qəhrəmanlıq səhifələri yazan 2016-cı il Aprel döyüşlərinin igid əsgər və zabitlərinə, Azərbaycanın əzəli torpaqlarını işğal altında saxlamaq məqsədi güdən Rusiya-Ermənistan cütlüyünün ordumuzun içərisində yerləşdirdiyi xəyanətkar, şərəfini vəzifəyə və pula satan şəbəkə tərəfindən amansız işgəncələr verildi. Ordumuzu sarsıltmaq, onun döyüş əzmini qırmaq üçün, torpaqlarımızı əbədi olaraq işğalda saxlamaq üçün etdilər bu bağışlanılmaz cinayəti.
Ancaq bu cinayətkar şəbəkə və onu himayə edənlər kökündən yanıldılar. Əyilməz, qürurlu və Vətən üçün şəhid olmağı özünə şərəf və ucalıq bilən igid övladlarımız Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyilə 44 günlük Zəfərələ torpaqlarımızı işğaldan azad etməklə bərabər, həm də Aprel döyüşlərində adını azərbaycanlı qoyub, erməni qədər xalqımıza düşmən kəsilən xainlər tərəfindən min bir əzabla öldürülən, fiziki və mənəvi-psixoloji travmalar alan vətənpərvər və igid övladlarımızın da intiqamını aldılar.
Ölkə prezidenti, möhtərəm, cənab İlham Əliyevin xüsusi göstərişi əsasında istintaqı yenilənən “Tərtər işi”ndə iştirak edən hər kəs – günahsız övladlarımıza saxta istintaq açılmasının bütün təşkilatçılarına, saxta istintaq aparan və hökm çıxaranlara, saxta tibb arayış verənlərə aman və güzəşt olmamalı, onlar ən ağıq cəzaya məhkum edilməlidilər.
Fəzail Ağamalı,
Millət vəkili, Ana Vətən Partiyasının sədri