Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Vardanyanı Qarabağa gətirən səbəb

Vardanyanı Qarabağa gətirən səbəb


Erməni əsilli rusiyalı iş adamı Ruben Vardanyan Rusiya vətəndaşlığından imtina etmək və Ermənistan vətəndaşı kimi Qarabağa köçmək barədə qərar verdiyini deyib. O, bunun riskli addım olduğunu da vurğulayıb və qərarını bu sözlər ilə əsaslandırıb: “Qarabağa köçmək qərarına gəldim. Bu gün Qarabağ erməniləri ağır psixoloji böhran yaşayır, sabaha inamları yoxdur. Onlar özlərini tərk edilmiş və unudulmuş hiss edirlər. Düşünürəm ki, 2020-ci il müharibəsindən sonra biz bütün dünya erməniləri onların yanında olmağa borcluyuq. Biz onlara təkcə simvolik olaraq deyil, həm də əməli işlərdə kömək etməliyik”.

Vardanyanın sözlərindən belə çıxır ki, o, əlində olan vəsaiti Qarabağda yaşayan soydaşlarının sosial-iqtisadi durumlarının yaxşılaşdırılması üçün xərcləyəcək. Hətta o bu məqsədlə “Artsax Təhlükəsizlik və İnkişaf Fondu” da yaradıb.

R. Vardanyanı Qarabağa gətirən səbəb

Aydın məsələdir ki, R. Vardanyan Rusiya vətəndaşlığından imtina edib erməni vətəndaşlığını qəbul edərək Qarabağa köçməsi təsadüfi deyil. Vardanyan Rusiyanı tərk edib Qarabağa gəlişini hər nə qədər soydaşlarına dəstək, yardım etmək kimi təqdim etsə də bu inandırıcı deyil.

Məsələ ondadır ki, Vardaniyanı Qarabağa bağlayan heç bir mənəvi bağ yoxdur. O, İrəvanda doğulub, hətta orta məktəbə də burada gedib. Türkiyəyə dəfələrlə səfərlər edən biznes məsələləri ilə əlaqədar türklər ilə yaxından təmaslar quran bir erməninin vətənpərvər olması da inandıcı deyil. Maraqlı bir nüans isə bir çox rusiyalı iş adamı kimi Vardanyanda Qərbin sanksiyalarına məruz qalmasıdır.

Hesab edirəm Vardanyanın Qarabağa gəlməsinin əsas səbəbi onun siyasi məqsədləri ilə bağlıdır.

Kremlinin Vardanyan layihəsi

Vardanyan mövcud Rusiya hakimiyyəti ilə yaxın əlaqələri var. Kremlin erməni milyarderi dəstəkləməsi və himayə etməsi də səbəbsiz deyil. Vardanyanın Kremlin-Ermənistan hakimiyyəti üçün hazırladığı yeni layihədir.
Ruben Vardanyan özü də siyasətə qoşulacağını gizlətmir. Belə ki, o ilk dəfə 2021-ci ilin yayında Ermənistana gələrək Rusiyanın RBC telekanalına müsahibəsində siyasi karyeraya başlamaq niyyətində olduğunu bildirib.

Rusiya yaxşı başa düşür ki, ənənəvi Ermənistan müxalifətinə xalqın inamı artıq yoxdur.

Paşinyan isə 44 günlük müharibədə üzləşdiyi məğlubiyyətə və sonrakı proseslərdə Bakının tələblərini qəbul etməsinə baxmayaraq hakimiyyətdə qalmağı bacardı. Ermənistan müxalifətindən fərqli olaraq Paşinyanın qarşısına alternativ, lakin həm ermənilər tərəfindən sevilən, həm də bu sevgini satın ala biləcək imkanlı fiqur lazımdır. Bu fiqur isə Vardanyandan başqası deyil.

Vardanyanın bu günə qədər fəaliyyətində əsasən Qarabağ ermənilərinə yardım etməsi diqqət çəkir. Misal üçün Ruben Vardanyan və yaxın dostu milyarder Samvel Karapetyan bir neçə dəfə keçmiş “Dağlıq Qarabağla” bağlı Prezident Vladimir Putinə müraciət ünvanlayıb. Bundan başqa Vardanyan 44 günlük müharibədən öncə Xocalıda çörək sexi açıb, Şuşaya dəfələrlə səfər edib, hətta müharibə zamanı Qarabağ ermənilərinə külli miqdarda silah yardımı belə edib.

Ermənistan hakimiyyətinə gedən yol Qarabağdan keçir

Bütün bunlara baxmayaraq bir sual aktual olaraq qalır: R.Vardanyan niyə doğulub təhsil aldığı Ermənistana deyil, məhz Qarabağa köçmək qərarına gəldi?

Əslində Vardanyanın Xankəndinə köçmək qərarına gəlməsi həm separatçılar, həm də Ermənistan hakimiyyəti nəzdində ciddi suallar yaradıb. Diqqət etsək əksər erməni mediası onun bu qərarına reaksiya vermir. Paşinyan administrasiyası Ermənistan müxalifəti, hətta terrorçu başı Arutyunyan belə məsələyə şərh verməyib.
Məslə ondadır ki, Vardanyan hər nə qədər ermənilər tərəfindən sevilsə və Kremlin dəstəyini alsa da onun birbaşa Ermənistana gəlməsi elə də ciddi reaksiya yaratmayacaqdı.

Digər tərəfdən erməni cəmiyyəti onun gəlişinin məqsədini anlayıb qısa müzakirələr sonrası diqqətlərini başqa istiqamətdə yönəldəcəkdi. Lakin Vardanyanın Qarabağa gəlişi kifayət qədər diqqət çəkdi və hər kəsin ağlında suallar yaratdı.

Rusiya Vardanyan üzərində Gürcüstanda Saakaşviliyə qarşı etdiyini etmək istəyir. Saakaşvili də oxşar ssenari ilə rus milyarderi İvanişvili tərəfindən hakimiyyətdən uzaqlaşdırılmışdı. Görünən odur ki, Paşinyan da gözlənilmədən xaricdən gələn milyarder Vardanyanla hakimiyyət uğrunda mübarizə aparmalı olacaq.

Turan Rzayev-politoloq
Xəbəri paylaş