Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan Ordusunun gücünü artıran amillərdən biri də xalq-Ali Baş Komandan-ordu birliyidir -İQBAL MƏMMƏDOV

Azərbaycan Ordusunun gücünü artıran amillərdən biri də xalq-Ali Baş Komandan-ordu birliyidir


"Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycanın Müzəffər Ordusu 30 ilə yaxın müddətdə davam edən işğala son qoyaraq regionda ədaləti və sülhü bərpa etdi".

Newscenter.az xəbər verir ki, bu sözləri Sonxeber.az-a danışan deputat İqbal Məmmədov deyib.

Deputat qeyd edib ki, bu gün Azərbaycan ordusu dünyanın ən güclü 50 ordusu sırasındadır:

"Tarixə adını qızıl hərflə yazdıran Azərbaycan ordusu istər Vətən müharibəsində, istərsə də postmüharibə zamanı işğaldan azad edilmiş torpaqlarımıza üçrəngli bayrağımızı sancaraq bizə 30 ilə yaxın gözlədiyimiz qürurlu anları yaşatmaqdadır. Tarixin bütün ağır sınaqlarından üzüağ və şərəflə çıxan Azərbaycan xalqının yenilməzliyini, məğrurluğunu bir daha dünyaya nümayiş etdirən rəşadətli ordumuz illərdir ermənilərin yaratdığı mifləri darmadağın etdi.

Cənab Prezident İlham Əliyev ölkə başçısı seçildiyi gündən həyata keçirilən uğurlu siyasət nəticəsində Silahlı Qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılmasına, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılmasına və döyüş ruhunun yüksəldilməsinə xüsusi diqqət ayrıldı. Ən önəmlisi isə odur ki, Azərbaycanda son illərdə formalaşan və dinamik inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur.

Eləcə də Azərbaycan öz zavodlarında istehsal etdiyi hərbi təyinatlı məhsullarla ordumuzu əhəmiyyətli dərəcədə təchiz edə bilir. Silah və hərbi texnikanın satın alınmasına və hərbi məhsulların istehsalına dair bir sıra ölkələrlə müqavilələr imzalanıb, hərbi əməkdaşlıq əlaqələri genişləndirilib. Məhz bu illər ərzində həyata keçirilən düzgün strategiya nəticəsində Azərbaycan ordusu dünyanın 50 ən güclü ordularından biri olduğunu 44 günlük Vətən müharibəsində əyani olaraq sübut etdi. Bu gün Vətən müharibəsində tarix yazan Azərbaycanın Müzəffər Ordusunun 44 günlük təcrübəsi digər ölkələr tərəfindən öyrənilməkdədir".

Deputat vurğulayıb ki, Azərbaycan Ordusunun gücünü artıran amillərdən biri də xalq-Ali Baş Komandan-ordu birliyidir:

"Xalq-dövlət-ordu birliyi gələcəkdə də bütün vəzifələri icra etmək üçün imkan yaradacaq. Müharibə və onun nəticələri bir daha xalq-iqtidar birliyini və qarşılıqlı inamı nümayiş etdirdi. 44 günlük Vətən müharibəsində tarixi zəfər əldə edən Azərbaycan, müharibədən əvvəl olduğu kimi, postmühairbə dövründə də uğurlu siyasətini davam etdirir.

Bu gün Azərbaycanın güclü liderə, iqtisadiyyata və müasir orduya malik olması yenidənqurma və bərpa işlərinin sürətlə həyata keçirilməsi ilə yanaşı, həm də sərhədlərimizin etibarlı qorunmasında, ölkəmizin mənafeyinin müdafiəsində mühüm rol oynayır. Düşünürəm ki, bundan sonrakı dövrdə də cənab Prezidentin uzaqgörən siyasəti və addımları sayəsində ölkəmiz bir çox uğurlara imza ataraq, regionda öz sözünü deyən qüdrətli dövlətə çevriləcək".
Xəbəri paylaş