Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İkitərəfli əməkdaşlığın inkişafı üçün önəmli təşəbbüslər atılır

İkitərəfli əməkdaşlığın inkişafı üçün önəmli təşəbbüslər atılır


Hələ 1997-ci ildə ümummilli lider Heydər Əliyevin İtaliyaya ilk rəsmi səfəri iki ölkə arasında münasibətlərdə dönüş nöqtəsi oldu. Səfər nəticəsində dövlətlər arasında siyasi, iqtisadi, mədəni və texniki əməkdaşlıq üzrə 7 saziş imzalandı. Elə həmin il İtaliya höküməti Cənubi Qafqaz ölkələri arasında ilk olaraq Azərbaycanda öz səfirliyini təsis etdi.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2005-ci ildə İtaliyaya rəsmi səfəri isə Azərbaycan-İtaliya tərəfdaşlığının daha da genişləndirilməsinə təkan verdi. Bu səfər zamanı İtaliya və Azərbaycan arasında gömrük, informasiya, telekommunikasiya, idman, mədəniyyət, bələdiyyə, ədliyyə sahələrində əməkdaşlıqla bağlı yeni sazişlər imzalandı. Ölkə başçısının 2006-cı il 20 sentyabr tarixli Sərəncamına əsasən, Azərbaycan və İtaliya arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın təsis edilməsi İtaliyanın Azərbaycanla iqtisadi əlaqələrin inkişafına böyük diqqət yetirdiyinin bariz nümunəsi idi.

Əlaqələrimizin inkişafına böyük təkan verən məqamların mövcudluğunu şərtləndirən xeyli sayda nümunələr göstərmək mümkündür. Ümumiyyətlə Azərbaycanla İtaliya arasında imzalanan çoxsaylı sənədlər münasibətlərin yüksələn xətlə inkişafına geniş zəmin yaradır. Əməkdaşlıq həm siyasi, həm iqtisadi, həm də sosial-humanitar sahələri əhatə edir.İkitərəfli əməkdaşlığın inkişafı üçün önəmli təşəbbüslər atılır. 2020-ci ildə İtaliya və Azərbaycan arasında strateji tərəfdaşlığa dair sənəd imzalanmışdır. Ölkələrimiz arasında sıx əməkdaşlıq və strateji tərəfdaşlıq ilə bağlı daim geniş müzakirələr davamlı şəkildə aparılır.

Cari ilin 31 avqust tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın dəvəti ilə Romaya işgüzar səfəri də iki ölkə arasında siyasi dialoqların davam etdirilməsi, əməkdaşlıqların daha da möhkəmləndirilməsi baxımından mühüm önəm daşıyır. Dövlətimizin başçısının sentyabrın 2-də İtaliyanın Çernobbio şəhərində reallaşan beynəlxalq forumda çıxışı zamanı qeyd etmişdir: “Beləliklə, bu, onu nümayiş etdirir ki, bizim siyasi dialoqumuz olduqca fəaldır və biz ikitərəfli gündəliyimizə yeni, vacib mövzular daxil edirik. Onlardan biri təhsildir. Dünən biz yalnız enerji və iqtisadi inkişaf məsələləri haqqında deyil, həm də təhsil barədə danışdıq. Dünən Azərbaycanın Romadakı səfirliyinin binasında İtaliya-Azərbaycan Universitetinin yaradılmasına həsr edilmiş gözəl mərasim təşkil olundu”.

Ümumiyyətlə son 19 il ərzində iki ölkənin təhsil müəssisələri, elmi-akademik çevrələri arasında da əlaqələr genişlənmişdir və bu gün İtaliyanın müxtəlif universitetlərində mindən çox azərbaycanlı tələbə təhsil alır. Ölkələrimiz arasında yüksəksəviyyəli siyasi dialoqun davam etdirilməsi, iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi, eyni zamanda mədəniyyət, elm, təhsil, humanitar sahələrdə önəmli mübadilələrin və layihələrin həyata keçirilməsi ilə də müşayiət olunmuşdur. Bunun nəticəsidir ki, Azərbaycanın ADA Universiteti İtaliyanın beş aparıcı universitetinin tərəfdaşıdır: Luiss Universiteti, Turin Politexnik Universiteti, Milan Politexnik Universiteti, Bolonya Universiteti və Romanın Sapienza Universitetidir. Bütün bunlar Azərbaycan və İtaliya xalqlarının yaxınlaşması, bir-birini yaxşı tanıması və gələcəkdə daha geniş tərəfdaşlıq və əməkdaşlıq münasibətlərinin qurulması üçün çox vacib addımlardır. Xüsusilə İtaliya və Azərbaycan arasında turizm, tələbə mübadiləsi, elm sahəsində əməkdaşlıq siyasi və iqtisadi sahələrdə münasibətlərimizin daha da dərinləşməsinə gətirib çıxaracaqdır.

İqbal Məmmədov
Milli Məclisin deputatı
Xəbəri paylaş