Oktyabrın 6-7-də Avropa İttifaqına sədrlik edən Çexiyanın ev sahibliyi edəcəyi Avropa İttifaqı Liderlərinin Zirvə görüşündən əvvəl “Avropa Siyasi Birliyi” toplantısının keçirilməsi planlaşdırılır.
Newscenter.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyinə Aİ-nin yüksək rütbəli rəsmisi məlumat verib.
Qeyd olunub ki, toplantıya Aİ-nin 27 üzvü ilə yanaşı, Türkiyə, Qərbi Balkan ölkələri Serbiya, Monteneqro, Albaniya, Şimali Makedoniya, Kosovo və Bosniya və Herseqovina, həmçinin Norveç, Lixtenşteyn, İsveçrə, İngiltərə, İslandiya, Ukrayna, Gürcüstan, Moldova, Azərbaycan və Ermənistan liderlər səviyyəsində dəvət olunacaq.
İclasda müzakirə olunacaq əsas mövzular Rusiyanın Ukraynaya hücumu, enerji böhranı və iqtisadi vəziyyət olacaq.
Fransa prezidenti Emmanuel Makron tərəfindən təklif edilən “Avropa Siyasi Birliyi”nin ilk iclası oktyabrın 6-da günorta və axşam Praqada Aİ Sammiti çərçivəsində keçiriləcək. Növbəti gün Aİ liderləri sammit çərçivəsində görüşlər keçirəcək.
Oktyabrın 6-da “Avropa Siyasi Birliyi”nin iclası açılış sessiyası ilə başlayacaq və dəyirmi masa müzakirələri ilə davam edəcək.
Görüşlərdə təhlükəsizlik, sabitlik, enerji, iqlim, nəqliyyat və iqtisadiyyat kimi bir çox mövzu müzakirə olunacaq. Liderlərin ikitərəfli danışıqlar aparacağı günün sonunda şam yeməyi veriləcək.
“Avropa Siyasi Birliyi” ideyası iyun ayında keçirilən Avropa İttifaqı Liderlərinin Zirvə toplantısında Fransa prezidenti Emmanuel Makron tərəfindən gündəmə gətirilib. Aİ rəhbərliyi bu ideyanın liderlər tərəfindən qəbul edildiyini bildirib.