Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Yeni qanun demokratiyanın dərinləşdirilməsinə töhfə verəcək

Yeni qanun demokratiyanın dərinləşdirilməsinə töhfə verəcək


Ötən gün Milli Məclisin saytında yerləşdirilmiş “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin ictimai müzakirələr üçün açıq elan edilməsi ölkəmizin ictimai-siyasi həyatı üçün olduqca mühüm hadisədir. Biz bu layihənin ictimai müzakirəyə çıxarılmasını müsbət addım kimi qiymətləndiririk və hesab edirik ki, layihənin müzakirəyə çıxarılması ictimai-siyasi mühitdə böyük bir canlanma yaradacaq. Bunu sözügedən layihəyə həm siyasilər, həm media əhli, həm də ekspertlər tərəfindən verilən ilkin reaksiyalardan da görmək mümkündür. Deməli, yeni qanun layihəsinin ictimai müzakirələr nəticəsində cilalanıb dolğunlaşması, təkmilləşməsi və sonda optimal bir qanun kimi qəbul edilməsi perspektivi artıq bəri başdan təmin edilib.

Bəs yeni qanunun qəbul edilməsinə zərurət haradan yaranıb? Bildiyimiz kimi siyasi partiyalar haqqında qanun ilk dəfə 1992-ci ildə qəbul olunub. Ötən 30 il ərzində ölkəmiz böyük bir siyasi inkişaf yolu keçib və həmçinin torpaqlarımız işğaldan azad edilib, yeni reallıqlar yaranıb, ölkədə yeni siyasi konfiqurasiya formalaşıb. Məlum məsələdir ki, köhnə qanun yeni dövrün tələblərinə cavab verə bilmir. Çünki 1992-ci ildə qəbul edilmiş "Siyasi partiyalar haqqında" qanunda bir sıra ciddi çatışmazlıqlar, boşluqlar var. Yeni qanun layihəsinin işlənilib hazırlanması da ilk növbədə məhz həmin çatışmazlıqları, boşluqları aradan qaldırmağa və günümüzün tələblərinə, zamanın çağırışlarına uyğun mükəmməl qanun qəbul edilməsinə xidmət edir.

Yeni qanun layihəsinin hazırlanması prosesi demokratik və tam şəffaf formada təşkil edilib. Belə ki, qanun layihəsinin hazırlanması prosesində siyasi partiyaların iştirakı da təmin edilib. 40-dan çox siyasi partiya öz təkliflərini rəsmi olaraq Milli Məclisə təqdim edib. Bu partiyaların arasında rəhbərlik etdiyim Milli Həmrəylik Partiyası da təmsil olunur. Biz də layihə ilə bağlı ilkin təkliflərimizi Milli Məclisə təqdim etmişdik. Müsbət haldır ki, qanun layihəsində bizim də ilkin təkliflərimiz yer alıb. Digər partiyaların da təkliflərinin nəzərə alındığı barədə məlumatımız var.

Siyasi partiyaların bu prosesə fəal surətdə cəlb olunması təqdirəlayiq haldır. “Siyasi partiyalar haqqında” qanunun bu yeni layihəsi həm siyasi qüvvələr tərəfindən geniş müzakirə edildikdən, həm də vətəndaş cəmiyyəti subyektlərinin, ekspertlərin, dövlət orqan və qurumlarının təklifləri nəzərdən keçirilməklə ictimai müzakirələrdən sonra qəbul olunacaq. Biz əminik ki, qanun qəbul edildikdən sonra mövcud siyasi sistemimiz, eləcə də dövlət-partiya münasibətləri, partiyalarrın təbliğat və təşviqat imkanları daha da təkmilləşəcək və partiyaların cəmiyyətdəki rolu yeni məzmun qazanacaq, yeni keyfiyyət halı alacaq.

Çox güman ki, siyasi partiyalar olaraq sözügedən qanun layihəsi ilə bağlı Milli Məclisdə keçirilən dinləmələrə, müzakirələrə də dəvət olunacayıq. Ona görə də biz Milli Həmrəylik Partiyası olaraq hazırda yeni qanun layihəsinin müddəaları ilə, detalları ilə yaxından tanış olur, təhlillər edirik. İnşallah qarşıdakı günlərdə “Siyasi partiyalar haqqında” qanun layihəsinin siyasi islahatlara və siyasi instututların güclənməsinə təkan verməsi üçün əsas təkliflərimizi təqdim edəcəyik.

Əlbəttə, layihədə təqdir etdiyimiz və dəstəklədiyimiz bir çox müddəalarla yanaşı, redaktəsini vacib hesab etdiyimiz və yaxud dəyişdirilməsini zəruri hesab etdiyimiz məqamlar da var. Düşünürük ki, siyasi partiyaların əsas subyekti olan və qanun layihəsinin də bilavasitə şamil olunduğu siyasi partiyaların mövqeyi və əsaslandırılmış təklifləri mütləq nəzərə alınacaq. Heç kimin təklifi gözardı edilməyəcək. Odur ki, narahatlıq üçün də heç bir əsas görmürük.

Partiyaların qeydiyyatı üçün minimum 10 min nəfər üzvün olması tələbi də oturuşmuş, təşkilatlanmış partiyaları qətiyyən narahat etməməlidir. Milli Həmrəylik Partiyası olaraq bizim belə bir narahatlığımız və problemimiz yoxdur. Çünki həm paytaxtda, həm də bölgələrdə yerli təşkilatlarımız fəaliyyət göstərir, üzvlərimizin sıraları genişlənir. Təşkilatçılıq ənənələri güclü olan və kadr potensialı, insan resursları geniş olan partiyaların yeni qanun layihəsindəki tələblərin öhdəsindən gələcəyi şəksizdir.

Zənnimizcə, bu qəbildən olan tələblər siyasi mühitdə təmərküzləşməyə gətirib çıxaracaq, böyük siyasi partiyaların formalaşmasına zəmin yaradacaq, həmçinin partiyaların çevikliyini, siyasi rəqabət imkanlarını stimullaşdıracaq. Bu baxımdan, biz bu qanunun gətirəcəyi yeniliklərə açıq olmalıyıq. Çünki yeni qanun siyasi proseslərə dinamika gətirəcək və demokratiyanın dərinləşdirilməsinə töhfə verəcək.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
Xəbəri paylaş