Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Astarada "Dünyəvi dövlətdə dini maarifləndirmə işinin təşkili" mövzusunda seminar-treninq keçirilib

Astarada "Dünyəvi dövlətdə dini maarifləndirmə işinin təşkili" mövzusunda seminar-treninq keçirilib


Sentyabrın 8-9-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Astara Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Astarada "Dünyəvi dövlətdə dini maarifləndirmə işinin təşkili" mövzusunda seminar-treninq keçirilib.

Newscenter.az xəbər verir ki, din xadimləri, dini icma üzvləri və rayon ziyalılarının iştirak etdiyi tədbiri giriş sözü ilə açan RİH-in İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Mərasim Hacıyev dövlətin dini sahəyə göstərdiyi qayğıdan danışıb, eyni zamanda rayondakı mövcud dini durum və dini maarifləndirmə sahəsində görülən işlər barədə məlumat verib.

DQDİK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov isə bölgədəki tolerant və multikultural mühitdən danışıb. O qeyd edib ki, Astara rayonunda İslamın hər iki məzhəbinin nümayəndələri əsrlərdir birgə yaşayıb və bu həmrəylik uğurla davam edir.

Daha sonra çıxış edən Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov dövlətin dinə qayğısı və dini maarifləndirmə işinin düzgün təşkili barədə ətraflı çıxış edib.

O bildirib ki, ölkəmizin unitar, hüquqi, dünyəvi və demokratik dövlət olduğu Konstitusiyamızda öz əksini tapıb. Dünyəvi dövlətdə əqidəsindən asılı olmayaraq dövlət hər bir fərdin dini seçim azadlığını tanıyır. Azərbaycanda dini baxışından asılı olmayaraq hər kəs qanun qarşısında bərabərdir. Dövlətin dindən ayrı olmasına baxmayaraq, dindarın dövlətdən ayrı olmadığını qeyd edən sədr müavini bildirib ki, hər bir dindar dövlətimizin qayğısı ilə əhatə olunub.

Bildirilib ki, bu gün Azərbaycanda dövlət-din münasibətləri yüksələn xətlə inkişaf edir. Bunun nəticəsidir ki, bu gün xalqın keçmişinə, milli-mənəvi dəyərlərinə dövlət səviyyəsində qayğı göstərilir. Xalqımız öz milli, dini bayramlarını rahat şəkildə yaşamaq hüququ qazanıb, erməni qəsbkarları tərəfindən dağıdılmış ibadət ocaqları yenidən bərpa olunub. Bütün bunlar demokratik dəyərlərin, tolerantlıq prinsiplərinin təcəssümü, o cümlədən Azərbaycanın davamlı inkişafının və daxili sabitliyin qarantıdır.

O qeyd edib ki, ölkədə gənclərə milli-mənəvi dəyərlərin, vətənpərvərlik hisslərinin aşılanması və onlar arasında ideoloji maarifləndirmənin həyata keçirilməsi, dini sahədə xarici ideoloji təsirlərin mənfi təzahürlərini nəzərə alaraq maarifləndirmə işinin aparılması dövlətin din siyasətinin prioritet istiqamətini təşkil edir. Bu siyasətin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub və dövlət başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

44 günlük Vətən müharibəsindən danışan Gündüz İsmayılov qeyd edib ki, bu qələbənin təmin olunmasında ölkədə mövcud olan milli-dini həmrəyliyin, o cümlədən xalq-iqtidar birliyinin mühüm rolu olub.

Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb.
Xəbəri paylaş