"Siyasi partiyalar haqqında Azərbaycan Respublikasının fəaliyyətdə olan qanunu 1992-ci ildə qəbul olunmuşdur. 30 il ərzində ölkənin ictimai siyasi həyatında köklü dəyişikliklər baş vermiş, dövlət idarəetmə sistemində, ümumiyyətlə, cəmiyyətin bütün sahələrində islahatlar aparılmışdır. Faktdır ki, istənilən cəmiyyətin idarə olunmasında, inkişafında siyasi partiyaların, müxtəlif təbəqələrin maraqlarını təmsil edən ictimai birliklərin rolu danılmazdır. Bu baxımdan, mövcud qanun müasir tələblərə cavab vermədiyi üçün siyasi partiyalar haqqında yeni qanunun qəbul olunması zərurəti yaranmışdır".
Newscenter.az xəbər verir ki, bu fikirləri "OLAYLAR"-a Milli Məclisin deputatı Nəsib Məhəməliyev səsləndirib. Millət vəkili bildirib ki, yeni layihə, hazırda ictimaiyyətin müxtəlif təbəqələri tərəfindən geniş müzakirə predmetinə çevrilib:
"Müsbət məqam ondan ibarətdir ki, yeni qanun layihəsinin müzakirəsinə Azərbaycanda fəaliyyət göstərən 60-a qədər siyasi partiya cəlb olunub, onlara təkliflərini, rəylərini bildirmək üçün şərait yaradılıb. Mənə elə gəlir ki, Azərbaycan kimi, çox da böyük olmayan ölkə üçün bu sayda siyasi partiyaya ehtiyac yoxdur və siyasi partiyanın təsis olunması üçün üzvlərin minimum sayının 1000 nəfərdən 10000-ə qaldırılması doğru addımdır".
Nəsib Məhəməliyevin sözlərinə görə, mətbuatda, sosial şəbəkələrdə aparılan müzakirələr, səsləndirilən təkliflər, rəylər, bir daha göstərir ki, cəmiyyət öz taleyinə, gələcəyinə, ölkədə gedən siyasi proseslərə biganə deyil:
"Bu təbiidir, yaxşı haldır. Qanun layihəsi Milli Məclisə daxil olandan sonra, əvvəl komitə iclaslarında, daha sonra plenar iclasda bütün maraqlı tərəflərin iştirakı ilə müzakirəyə çıxarılacaqdır. Düşünürəm ki, payız sessiyasında qəbul olunar. Vətəndaş olaraq, siyasi partiyalar haqqında yeni qanunun qəbul olunmasını alqışlayıram və hesab edirəm ki, zamanında cəmiyyətdən gələn sosial sifarişdir".