Bu gün Kəlbəcər və Laçın rayonları Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Yuxarı Şorca, Aşağı Şorca, Zərkənd və Gorus rayonunun Xəzinəvar yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən yenidən atəşə tutulub. Son günlər bu kimi təxribat halları daha intensiv hal alıb.
Özü də təkcə Rusiya sülhməramlılarının müvəqqəti nəzarət zonasında hələ də mövcud olan qeyri-qanuni erməni silahlı birləşmələri Qarabağın bu və ya digər məntəqəsində deyil, həm də Ermənistan-Azərbaycan dövlət sərhəddinin müxtəlif istiqamətlərində Ermənistan ordusu mövqelərimizi atəşə tutur.
Bütün bu təxribatlar Ermənistanın baş naziri Nikol Paşinyanın hiyləgər planının bir hissəsidir. Belə ki, Ermənistan lideri Rusiyanın Vladivostok şəhərində keçirilən Şərq İqtisadi Forumundan qayıdandan sonra sülh danışıqlarını pozmaq üçün gərginliyi artıracaq addımlar atmağa başlayıb. Bu da Nikol Paşinyanın Azərbaycan Prezidenti İlham Əliyevlə Brüsseldə avqustun 31-dəki görüş zamanı Azərbaycanla sülh yolunda gündəliyə daxil olan məsələlərlə bağlı razılaşma xəttinə tamamilə ziddir.
Ermənistan liderləri real sülhdən yayınmaq üçün hər zaman bu cür avantürist davranış sərgiləyib və qeyri-ciddi siyasətçi olduqlarını sübut ediblər. Bu cür sürüşkən liderləri reallıq hissinə qaytarmağın və sülhə məcbur etməyin tək yolu hərbi güc tətbiqindən keçir. Odur ki, Azərbaycan Ordusunun "dəmir yumruğ"u hər zaman hazır vəziyyətdə olmalıdır.
Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri