“Azərbaycanın İkinci Qarabağ müharibəsində tarixi zəfər əldə etməsinin başlıca amillərindən biri də güclü ordumuzun yaradılması idi”.
Newscenter.az xəbər verir ki, bu fikirləri aznews.tv-yə müsahibəsində sabiq millət vəkili, yazıçı-publisist Cahangir Hüseynov səsləndirib. O bildirib ki, Azərbaycan Ordusu türk modelini tətbiq edərək dünya çapında sayılıb-seçilən ordulardan birinə çevrildi:
“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycanın dövlət başçısı Cənab İlham Əliyevin birgə səyləri nəticəsində müasir ordu yarandı və ermənilərin 30 il ərzində Azərbaycanın işğal edilmiş ərazilərində qurduğu keçilməz sədlər darmadağın edildi. Bununla da ermənilər yalvararaq sülh istədilər və müharibə dayandırıldı”.
Cahangir Hüseynov qeyd edib ki, müharibənin başa çatmasından keçən dövr ərzində Azərbaycanla Ermənistan arasında sülh sazişinin bağlanması məqsədilə bir neçə görüş keçirilib və ən son Brüssel görüşündə yaxın iki ay ərzində tərəflər arasında sülh sazişinin imzalanması üçün müəyyən sənədlərin hazırlanacağı barədə məlumat verilib:
“Mən də Birinci Qarabağ müharibəsi qazisi, bir Azərbaycan vətəndaşı kimi arzu edirəm ki, sülh sazişi imzalansın, bütün Qafqazda sülh olsun. Ümumiyyətlə Cənubi Qafqazda sülh olmalıdır”.