Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Foto Kadr 2021” mükafatlandırma mərasimi keçirilib

“Foto Kadr 2021” mükafatlandırma mərasimi keçirilib


Sentyabdın 12-də Gilavar Foto Klubu ictimai birliyinin təşkilatçılığı ilə “Foto Kadr 2021” təqdimat və mükafatlandırma mərasimi keçirilib. Tədbirdə təşkilatçılar, mükafatçılar və KİV nümayəndələri iştirak ediblər.

Newscenter.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Birliyin İdarə Heyətinin sədri Rəşad Mehdiyev klubun yaradılmasında məqsədin ölkədə fotoqrafiyanın inkişafına töhfə vermək, istedadlı fotoqrafları üzə çıxarmaq və imkanlarından istifadə etmək, onların bu sahəyə maraq göstərmələrinə, beynəlxalq foto müsabiqələrdə iştirak etmələrinə dəstək vermək və ölkəmizi dünyada fotolar vasitəsi ilə tanıtmaq olduğunu vurğulayıb.

Diqqətə çatdırılıb ki, 2021-ci il ərzində fotoqraflarımız Azərbaycanın adına 68 beynəlxalq mükafat qazandırıblar. Ümumilikdə isə 2016-2021-ci illər ərzində Beynəlxalq Foto Sənəti Federasiyasının icazələri ilə keçirilən foto müsabiqələrdə azərbaycanlı fotoqraflar tərəfindən 329 mükafat əldə olunub. Onlardan 46-sı qızıl, 25-i gümüş, 25-i bürünc medallar, 172 fəxri lent, 61 diplom və sertifikatlardır.

Qeyd edilib ki, Azərbaycanlı fotoqraflar təkcə fərdi şəkildə deyil, eyni zamanda klub şəklində də beynəlxalq foto aləmdə təmsil olunublar. Belə ki, bu il Beynəlxalq Foto Sənəti Federasiyasının (FIAP) təşkilatçılığı ilə 29-cu FIAP Rəngli Bienal adlı beynəlxalq foto müsabiqə keçirilib. Fransada keçirilən müsabiqəyə dünyanın 42 ölkəsindən 1192 foto təqdim olunub. Azərbaycanı bu yarışmada 18 fotoqrafla Gilavar Foto Klubu təmsil edib. Peşəkar fotoqraflar tərəfindən Heydər Əliyev Mərkəzi (rəqəmsal) və Gimnast qızlar (çap) mövzuları üzrə 30 foto təqdim edilib.

Ümumilikdə əldə olunan balların sayəsində fotoqraflarımız müsabiqədə rəqəmsal kateqoriyada 6-cı sırada qərarlaşıblar. Onluğa düşən Gilavar Foto Klubu Beynəlxalq Foto Sənəti Federasiyasının Fəxri lentini qazanıb.
Qonaqların nəzərinə çatdırılıb ki, Gilavar Foto Klubu Beynəlxalq Foto Sənəti Federasiyasının üzvü və bu təşkilatın Azərbaycan üzrə təmsilçisidir. Adıçəkilən foto təşkilat dünyada UNESKO tərəfindən tanınmış yeganə fotoqrafiya təşkilatıdır. Ötən il Azərbaycandan 4 fotoqraf Beynəlxalq Foto Sənəti Federasiyasının fəxri adlarına layiq görülüb. Bu il daha bir neçə fotoqraf beynəlxalq fəxri adlar almağa namizəddir.

Klubun İdarə Heyətinin sədr müavini Dilavər Nəcəfov bildirib ki, Gilavar Foto Klubu ötən ildən başlayaraq “Azərbaycan Press Foto” – “İlin Press Fotosu” adlı müsabiqəyə start verib. “Azərbaycan Press Foto 2021” adlanan ikinci belə müsabiqəyə 2021-ci il ərzində çəkilmiş fotolar qəbul olunub. Yarışmaya 15 press fotoqraf tərəfindən 159 foto təqdim edilib. Foto müsabiqə rəqəmsal kateqoriya üzrə Xəbər, Gündəlik həyat, Portret, Təbiət, İdman və Mədəniyyət mövzuları ətrafında keçirilib və hər mövzu üzrə üç qalib seçilib. Yekunda fotojurnalist Əziz Kərimovun helikopter qəzasında həlak olan hərbiçilərlə vida mərasimi zamanı çəkdiyi foto “İlin Press Fotosu” seçilib.

Sonra Gilavar Foto Klubu tərəfindən təşkil edilən beynəlxalq yarışlarda fərqlənən azərbaycanlı fotoqrafların, eləcə də Azərbaycan Press Foto 2021 müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Müsabiqənin ən yaxşılarına medallar, xüsusi lentlər və diplomlar təqdim olunub. Azərbaycan foto sənətinə göstərdiyi informasiya dəstəyinə görə News24.az xəbər saytı Gilavar Foto Klubu tərəfindən plaketlə təltif edilib.

Sevinc
Xəbəri paylaş