Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Salyan Rayon Mərkəzi Xəstəxanasının tibbi laboratoriyaları tam avtomatlaşdırılıb

Salyan Rayon Mərkəzi Xəstəxanasının tibbi laboratoriyaları tam avtomatlaşdırılıb


TƏBİB-in “Tibb müəssisələrinin laboratoriyalarının standartlaşdırılması” layihəsi çərçivəsində növbəti tibb müəssisəsinin - Salyan Rayon Mərkəzi Xəstəxanasının tibbi laboratoriyaları yenidən təşkil olunub.

Newscenter.az quruma istinadən xəbər verir ki, Cəlilabad-Salyan tibbi ərazi bölməsinə daxil olan Salyan Rayon Mərkəzi Xəstəxanasının yenidən təşkil olunmuş tibbi laboratoriyaları istifadəyə verilib, açılışla əlaqədar xəstəxanada ənənəvi konfrans keçirilib.

Konfransda tibb müəssisəsinin direktoru Ramin Qasımov, TƏBİB-in İşçi Qrupunun üzvləri, tibb müəssisəsinin həkimləri və personalı iştirak edib. “Laboratoriyaların standartlaşdırılması üzrə işçi qrup”unun görülmüş işlər barədə ətraflı məruzəsi dinlənilib.

Regionda ilk dəfə yaradılan tam avtomatlaşdırılmış Mərkəzi Laboratoriyanın Biokimya, Hematologiya, Mikrobiologiya və İmmunologiya bölmələrində işləniləcək analizlərin nəticələrinin istər ambulator pasiyentlərə, istərsə də stasionarda yataraq müalicə alan xəstələrə keyfiyyət standartlarına uyğun şəkildə və qısa müddətə veriləcəyi bildirilib.

Yenidən təşkil olunmuş tibbi laboratoriyaların fəaliyyətə başlamasına həsr olunmuş elmi konfransda TƏBİB-in İşçi Qrupunun mütəxəssisləri tərəfindən “Xəstəliklərin diaqnostikasında tibb laboratoriyaların əhəmiyyəti”, “Laborator analizlərin istək olunması, xəstələrin analiz öncəsi hazırlığı” mövzularında məruzələr dinlənilib, konfrans iştirakçıları ilə interaktiv diskussiya aparılıb.

Klinik Laboratoriya Mütəxəssisləri İctimai Birliyinin (KLMİB) də dəstəyi ilə müalicə həkimləri, orta və kiçik tibbi personal üçün təlimlərin mütəmadi keçiriləcəyi barədə məlumat verilib.

Salyan Rayon Mərkəzi Xəstəxanasının həkimləri çıxış edərək icbari tibbi sığorta üzrə Xidmətlər Zərfinə daxil olan 600-dək analizin dəqiqliklə və qısa müddətdə təqdim olunmasının müalicənin keyfiyyətini dəfələrlə artıracağını qeyd ediblər.

Mehman
Xəbəri paylaş