Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Altay Göyüşov bilməlidir ki, Qarabağ milli məsələdir, qırmızı xətdir, namus məsələsidir

Altay Göyüşov bilməlidir ki, Qarabağ milli məsələdir, qırmızı xətdir, namus məsələsidir


Nikol Paşinyan bu gün Parlamentdəki çıxışı ilə təxribatın Ermənistan tərəfindən törədildiyini təsdiq etdi.

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin moderatorluğu ilə keçirilən üçtərəfli görüşlərin nəticələri birmənalı olaraq Azərbaycanın milli mənafeyinə uyğun idi. Bu çərçivədə şərtləri qalib ölkə kimi Azərbaycan tərəfi diktə edir, Ermənistan tərəfi isə gec və zəif templə olsa da həmin şərləri icra edirdi.
Misal üçün sərhədlərin delimitasiyası ilə bağlı komissiyanın yaradılması, üç görüşün keçirilməsi, Azərbaycanın təqdim etdiyi 5 baza prinsipinin qəbulu, sülh müqaviləsi üzrə işçi qrupun yaradılması, regional kommunikasiyaların açılması ilə bağlı ilkin razılıq və s. bu görüşlərin mühüm nəticələrindən idi.
Bu nəticələr isə Ermənistanın siyasi rəhbərliyi və daxili auditoriyasının gözləntilərinə uyğun gəlmirdi, bir sözlə Ermənistanda heç kim bu nəticələrlə xoşbəxt deyildi.

Beləliklə Ermənistan 2-ci Qarabağ müharibəsindəki hərbi məğlubiyyətdən sonra Şarl Mişel formatı ilə daha da dalana dirəndi. Ermənistan mediası birinci Şarl Mişel görüşündən əvvəl bu formatı Nikol Paşinyanın təşəbbüsü kimi təqdim edirdi. Çox güman ki, Nikol Paşinyan Şarl Mişel formatında daha çox üstünlük əldə edəcəyini, “insan hüquqları” kontekstində Qarabağla bağlı hansısa status əldə edəcəyinə ümid edirdi. Lakin arzusunda olduğu nəticələri əldə edə bilmədi, görüşlərin yekun press relizlərində statusa və ATƏT-in Minsk qrupuna heç bir istinad yox idi.

Paşinyan sadəcə iki mühüm amili nəzərə almamışdı və ya bu amilləri düzgün qiymətləndirməmişdi.

Birincisi İlham Əliyev diplomatiyasıdır. İkinci amil isə Şarl Mişel formatının dəyişməz qaydaları idi.

Biz sadəlövh deyilik, biz yaxşı anlıyırıq ki, heç kim Azərbaycanın qara qaşına və gözünə aşiq olmayıb. Avropa İttifaqı ilə səmərəli və qarşılıqlı əməkdaşlıq imkanlarını illər əvvəl Prezident İlham Əliyev beynəlxalq enerji və kommunikasiya layihələri ilə şərtləndirib. Bu gün Azərbaycan Avropa İttifaqına üzv olan 9 ölkə ilə strateji saziş imzalayıb. Bu gün Azərbaycan NATO-nun etibarlı tərəfdaşlı hesab edilir.

İkincisi amil isə Şarl Mişel formatının qaydalarıdır. Bu format bir qədər fərqlidir, bu formatda sözünün arxasına durmayana güzəşt yoxdur. Avropa İttifaqına üzv olan dövlətlərin siyasi və iqtsadi vəhdətini təmsil edən Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin moderatorluğu keçirilən görüşlərdə verilən sözlər tutulmalıdır. Bu hər hansı Avropa dövləti deyil, bu hansısa üç dövlət deyil, bu Avropa İttifaqına üzv olan böyük dövlətlərin siyasi surətidir.
Sonuncu görüşdən sonra Ermənistan tərəfi anlandı ki, sülh müqaviləsi imzalanmasa, verdiyi sözləri tutmasa Avropa İttifaqı kontekstində qeyri-ciddiliyi sübut olunacaq və Avropanın siyasi və iqtisadi imkanlarından məhrum olacaq.

Bu gün isə Paşinyan Parlamentdə çıxışında səmimi olmadığın etiraf etdi, hələki sülh istəmədəyini dedi. Paşinyan deputatların qarşısında sual edirdi; “Biz Qarabağı Azərbaycanın tərkib hissəsi kimi necə qəbul edək? Biz Azərbaycana niyə dəhliz verməliyik?”.

Bu etiraf çıxışı bir daha göstərdi ki, bu cinayət Ermənistanın siyasi rəhbərliyi tərəfindən planlaşdırılmış təxribat idi, noyabr ayında imzalanması nəzərdə tutulan sülh müqaviləsinə sabotaj idi.

Nəticə ondan ibarətdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin şərtləndirdiyi maraqların Cənubi Qafqazda arzusunda olduğu davamlı sülhə qarşı olan dövlət Ermənistandır. Bunu Avropa İttifaqı da, beynəlxalq təşkilatlar da yaxşı başa düşür.

Ancaq mənim başa düşmədiyim Altay Göyüşovlar kimi qəlbində Azərbaycana açıq nifrət bəsləyən bəzi şəxslərin Ermənistanın təxribatında Azərbaycanı günahkar çıxarmasıdır. Bir azərbaycanlı tarix elmlər namizədi necə deyə bilər ki, “Ermənistana qarşı gecəki təcavüzü birmənalı olaraq pisləyirəm”. Altay Göyüşovun bu statusunun altında yüzlərlə istifadəçi onu linç edib, tarix elmləri namizədinə Xocalını, ərazi bütövlüyü uğrunda şəhid olan gənclərimizi xatırladıblar.

Altay Göyüşov bilməlidir ki, Qarabağ milli məsələdir, qırmızı xətdir, namus məsələsidir. Bunun üzərindən şəxsi maraq naminə, beynəlxalq imic naminə, xaricdə “yaxşı” oğlan olmaq naminə istifadə etmək vicdansızlıqdır.

Vətəni sevməyən insan olmaz, olsa da o şəxsdə vicdan olmaz!

Kamal Cəfərov-Milli Məclisin deputatı
Xəbəri paylaş