Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ceyhun Bayramov Blinken və Mirzoyanla görüşdə Ermənistanın təxribatlarından danışıb

Ceyhun Bayramov Blinken və Mirzoyanla görüşdə Ermənistanın təxribatlarından danışıb


Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 19 sentyabr tarixində BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində, ABŞ dövlət katibi Antoni Blinkenin təşəbbüsü və iştirakı ilə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla üçtərəfli görüşdə Ermənistanın təxribatları barədə danışıb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Newscenter.az-a verilən məlumata görə, görüş zamanı, Ceyhun Bayramov post münaqişə dövründə bölgədə sülhün təmin olunması və bu istiqamətdə zəruri addımlar barədə Azərbaycanın mövqeyini diqqətə çatdırıb.

Ceyhun Bayramov 12-14 sentyabr tarixlərində Ermənistanın Azərbaycana qarşı təxribatlar və hücumlar həyata keçirməklə toqquşmalara səbəb olduğunu, bir neçə saat ərzində əldə edilmiş ilkin atəşkəsin də Ermənistan tərəfindən pozulması faktını və bununla əlavə itkilərə səbəb olduğunu vurğulayıb. Azərbaycanın bölgədə genişmiqyaslı yenidənqurma işləri həyata keçirən və keçmiş məcburi köçkünləri bölgədə yerləşdirən tərəf kimi sabitliyin pozulmasında maraqlı olmadığını bildirib.

Nazir Ermənistanın 30 il ərzində ölkəmizin beynəlxalq tanınmış ərazilərinin işğalının törətdiyi dərin fəsadlara baxmayaraq, 44 günlük Vətən müharibəsindən dərhal sonra sülh müqaviləsi imzalanması təklifini irəli sürdüyünü və bu istiqamətdə ardıcıl təşəbbüslərlə çıxış etdiyini xatırladıb. Azərbaycanın Ermənistanla normallaşma prosesi, kommunikasiyaların açılması, sərhədlərin delimitasiyası və demarkasiyası, habelə humanitar istiqamətlərdə səy göstərməsinə baxmayaraq, Ermənistanın proseslərə maneçilik törətdiyini, üçtərəfli bəyanatlar çərçivəsində öhdəliklərini kobud şəkildə pozduğunu bildirib.

Ceyhun Bayramov liderlər arasında üçtərəfli bəyanatlara və Brüssel görüşünün nəticələrinə uyğun olaraq davamlı sülhün təmin edilməsi istiqamətində təxirəsalınmaz danışıqlara hazırlığını bir daha diqqətə çatdırıb.

Mehman
Xəbəri paylaş