Ermənistan parlamentinin sədri Alen Simonyan ölkəsinin silahlı qüvvələrinin Azərbaycanla sərhəddəki hərbi toqquşmalarda itki verdiyini etiraf edib.
Newscenter.az-ın məlumatına görə, “Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, o, bu barədə sentyabrın 13-də parlamentin iclasında bildirib.
A.Simonyanın sözlərinə görə, sentyabrın 13-də Azərbaycanla Ermənistan sərhədində baş verən atışma nəticəsində erməni tərəfdən ölənlər və yaralananlar var.
Ermənistan parlamenti Azərbaycanla sərhəddə baş verən silahlı toqquşma ilə bağlı toplanıb. Lakin qanunverici orqanda təmsil olunan fraksiyalar vahid sənəd qəbul etmək məsələsində razılığa gələ bilməyib. Sənədi razılaşdırmaq üçün parlamentin toplantısında fasilə elan olunub.
Qeyd edək ki, sərhəddəki toqquşmalarda Ermənistan ordusunun itkiləri 150-200 nəfər təşkil edib, yüzlərlə yaralı var. İki S-300 hava hücumundan müdafiə sistemi məhv edilib. Onların dəyəri yarım milyard dollardan çoxdur.
Azərbaycan ordusu sərhədyanı bölgədə delimitasiya olunmayan bir sıra mühüm strateji mövqelərə və yüksəkliklərə nəzarəti təmin edib. Ermənistan ərazisindən keçən bir sıra strateji kommunikasiyalar da vizual və atəş nəzarətinə götürülüb.