Ötən ayın sonlarından başlayan və son günlər daha da intensivləşən erməni təxribatlarının sonda erməni tərəfinin azğınlaşacağı ilə nəticələnəcəyi gözlənilən idi. Belə ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Bir yandan Ermənistan silahlı qüvvələrinin diversiya qrupları qaranlıq vaxtında Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı əraziləri və təminat yollarını minalamağa cəhd göstərib, digər tərəfdən isə Ermənistan silahlı qüvvələri Daşkəsən, Kəlbəcər və Laçın rayonlarındakı mövqelərimizi müxtəlif çaplı silahlardan intensiv atəşə tutub. Erməni tərəfinin xain hücumunun nəticəsində şəxsi heyət arasında itkilər var, hərbi infrastruktura ziyan dəyib.
Lakin Ermənistanın genişmiqyaslı təxribatının və ölkəmizin ərazisinə və suverenliyinə qarşı hərbi təhlükələrin qarşısının alınması üçün adekvat cavab tədbirləri görülür. Azərbaycan Ordusu ayaqdadır və düşməni necə cəzalandırmağın yollarını yaxşı bilir. Hazırda Ermənistan silahlı qüvvələrinin atəş nöqtələrinin susdurulması və döyüş toqquşmasının miqyasının genişlənməsinin qarşısının alınması məqsədilə Ordumuz tərəfindən bütün zəruri tədbirlər görülür. Biz Ordumuza güvənirik və qəhrəman əsgərlərimizin, zabitlərimizin yanındayıq.
Şanlı Ordumuz düşməni peşman edəcək və bu təxribat Ermənistana baha başa gələcək. Effektiv cavab tədbirlərimiz nəinki Ermənistanın hərbi-siyasi rəhbərliyini, ümumiyyətlə, bütövlükdə erməni toplumunu qorxutmalı və ayıltmalıdır. Gün-gündən revanşizm ovqatına köklənən erməni cəmiyyətini ağıllandırmağın və reallıq hissinə qaytarmağın başqa yolu yoxdur. Biz antiterror əməliyyatı keçirməyə artıq məcburuq. Getdikcə daha da aqqressivləşən, yenidən militarist əhval-ruhiyyəyə təslim olan Ermənistan dövlətini və erməni cəmiyyətini sülhə məcbur etməyin yolu məhz güc tətbiqindən keçir.
Bəli, Ermənistan sülhə məcbur edilməlidir. Bəzi ölkələr kimi biz də denasifikasiya və demilitarizasiya tədbirləri həyata keçirməliyik. Bizim də buna ixtiyarımız çatır. Çünki 10 noyabr razılaşmasının ziddinə olaraq hələ də ərazilərimizdə qalmaqda davam edən Ermənistanın hərbi birləşmələrini və separatçı-terrorçu dəstələri tərksilah etməyin, neytrallaşdırmağı başqa yolu yoxdur. Təcrübə göstərir ki, revanşizmi yalnız güc tətbiqi ilə ram etmək mümkündür.
Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri