"Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Daşkəsən, Kəlbəcər, Laçın rayonlarının atəşə tutulması növbəti təxribatdır və məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür".
Newscenter.az xəbər verir ki, bu sözləri Sonxeber.az-a açıqlamasında deputat Nəsib Məhəməliyev deyib.
O, son zamanlar ermənilərin təxribatlarının intensiv xarakter aldığını və qısamüddətli atışmalar şəklində baş verdiyini vurğulayıb:
"Lakin bu gecə baş verən təxribatlarda, demək olar ki, iki dövlət sərhədlərinin əksər hissəsini əhatə etməklə, ağır silahlardan istifadə olunub. Əvvəlcə erməni diversant-kəşfiyyat qrupları mürəkkəb dağlıq ərazilərdə minaların basdırılmasına cəhd ediblər. Hamıya yaxşı məlumdur ki, ermənilərdə mina basdırma "sənət"i yaxşı inkişaf edib. Müharibədən iki il keçməsinə baxmayaraq, hələ də işğalda olmuş əraziləri təmizləyib qurtara bilmirik.
Əsgərlərimizin zamanında müdaxiləsi nəticəsində düşmənin planları pozulub və ciddi itkilər veriblər.
Təxribatların əsas səbəbi Ermənistanın 10 noyabr üçtərəfli razılaşmanın bəndlərini yerinə yetirməməsidir. Konkret olaraq, Qarabağdan erməni silahlıları, ağır texnika hələ də tam çıxarılmayıb. Sərhədlərin delimitasiya və demarkasiya prosesləri başlanılmayıb, kommunikasiyalar açılmayıb, ermənilər 90-cı illərin əvvəllərində işğal olunmuş anklav kəndlərimizi qaytarmaqdan yayınırlar. Nə qədər ki, Ermənistan hərbi-siyasi rəhbərliyi özünün də imzaladığı öhdəlikləri yerinə yetirməkdən yayınır, təxribatların təkrarlanmamasına heç kim qarantiya verə bilməz.
Təxribatlar davam edərsə, heç şübhəsiz, Müzəffət Ordumuz düşmənin layiqli cavabını verəcək!"