Sentyabrın 13-də Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı bir daha göstərdi ki, düşmənə qarşı hər zaman ayıq-sayıq olmaq, bütün təxribatlara, genişmiqyaslı hücumlara hazır olmalıyıq.
Erməni silahlı qüvvələrinin genişmiqyaslı təxribatının gecə saatlarında baş verdiyini nəzərə alsaq, nəticələr daha pis ola bilərdi.
Ordumuzun Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatına verdiyi adekvat cavab mövcud situasiya və gələcək perspektivdə bizim üçün müsbət dividentlər yaratdı:
Birincisi, 44 günlük müharibə sonrası Ermənistan Azərbaycanla sərhəddə daha dəqiq desək, Laçın, Kəlbəcər və Zəngilan istiqamətində yeni təkmil hərbi təyinatlı obyektlər qurmuşdu. Rəsmi İrəvanın bu bölgələrdə qurduğu hərbi təyinatlı obyektləri yeni Ohanyan səddinə cəhd kimi də qiymətləndirmək olar.
Xoşbəxtlikdə ordumuzun təxribatlara verdiyi cavab nəticəsində düşmənin bütün hərbi təyinatlı obyektləri darmadağın edilib. Hərbi kontekstdən yanaşdıqda bu obyektləri bərpa etmək üçün Ermənistana ən azı 4-5 il vaxt lazımdır.
İkincisi, cavab tədbirləri nəticəsində ordumuz həmin bölgədə bütün nəqliyyat-kommunikasiya sistemini, çox mühüm yüksəklikləri nəzarətə götürüb. Prinsip etibarilə bu çox ciddi nailiyyətdir, çünki ələ keçirdiyimiz yüksəkliklər bizə düşməni daimi izləmək, nəqliyyat-kommunikasiya sistemləri isə mümkün yeni təxribatlar ilə bağlı kəşfiyyat məlumatlarının əldə etmək imkanı yaradacaq.
Üçüncüsü, ilkin hesablamalara görə, Ermənistanın xeyli sayda hərbi texnikası, milyarddan artıq dəyəri olan iki S-300 raketi, 200 nəfərə yaxın canlı qüvvəsi, çoxlu sayda hərbi obyekti və onlarla postu məhv edilib. Sosial şəbəkələrin erməni seqmentində paylaşılan video və xəbərlərdən Ermənistanda yüzlərlə yaralının olduğu da məlumdur. Ermənistanın bütün parametrlərə görə itkiləri qat-qat çoxdur ki, bu itkiləri bərpa etmək kifayət qədər vaxt alacaq.
Nəticə etibarilə Azərbaycan Ordusu Ermənistanın ölkəmizə və hərbi bölmələrimizə qarşı ardıcıl həyata keçirdiyi təxribatların hansı nəticələrə gətirib çıxaracağını bir daha göstərdi.
Son zamanlar Ermənistan ciddi cəhdlə revanşa, yeni hərbi əməliyyatlara, hücuma hazırlaşırdı və Qarabağda, eyni zamanda həm də sərhəddə təxribatların sayı artmışdı. Azərbaycan Ordusu məhz Ermənistanın ərazisində cəmi 7 saat davam edən əməliyyat nəticəsində düşmənin bütün bu planlarını alt-üst etdi.
Ermənistan başa düşməlidir ki, kiməsə, hansısa qüvvələrə arxalanıb Azərbaycanı fakt qarşısında qoya bilməz. Misal üçün ən çox güvəndiyi KTMT bir daha Ermənistanın tələbinə istədiyi cavabı vermədi.
Ermənistan ordusundakı itkilər və yaralılara görə, artıq paytaxt İrəvanda etiraz aksiyaları başlayıb. Paşinyanın istefası tələbləri səslənir.
Turan Rzayev-politoloq