Vətən uğrunda verdiyi can da elə özü kimi saf, müqəddəs, arzularla dolu, duyğulu, həyat eşqli igidlərim. Fəqət, dünən bu arzular, bu duyğular güllə səslərinə qarışdı, mərmilərə tuş gəldi.
Səssiz sandığımız fotoları əslində dili ilə ürəyimizə köz basır. Müharibənin, savaşın görmədiyimiz, bilmədiyimiz üzündən danışır bizə. Ata-anaların, körpə övladların gizlətmək istədikləri, amma gizlədə bilmədikləri ağrı, əzab yağır o fotolardan. Cəbhə xəttindən hər şəhid xəbəri gələndə biz də ölürük onlarla. Qəhərdən boğuluruq, onlara dəyən güllə yarasını içimizdə hiss etdiyimizi sanırıq, amma şəhidlərimizin dəfn mərasimində görürük ki, torpağa tapşırdığımız təkcə şəhidlər deyil. Onlarla birlikdə anaların, ataların da üstünə torpaq atırıq...Şəhid üçün fəryad edən ürəyinizə, qan-yaş tökən gözlərinizə qurban, Şəhid valideynləri!
Göz yaşlarım sifətimi döyəcləyir, ürəyim qəfəsə salımış bülbül kimi çırpınır. Dərd-dərd üstündən, ağrı-ağrı üstündən.44 günün travması canımızdadı. İldönümü yaxınlaşdıqca hər şey təzələnir. Hələ üstü qaysaq bağlamayan yaramız dayanmadan qanayır...
12.09 2022
Bu bir tarixdir. Şərəfli bir tarix. Tarix isə onu unudanları bağışlamır.
Şəhidlər torpağa deyil, ürəklərə tapşırılan sevgidir. Ürəklərə köçən yeganə sevgidir şəhid sevgisi!
Ölümə gedən yollar onları ölməzliyə - əbədiyyətə, xalqımızı isə əbədi azadlığa qovuşdurur.
Şəhidlərimizə əbədi rəhmət və xalqımıza əbədi azadlıq.səbr arzusu ilə...
Aygül Bağırova-AJB üzvü