Ermənistan ordusu sentyabrın 13 nə keçən gecədən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Yenə haqq savaşımız başlayıb. Cəbhə xəttində ağır döyüşlər gedir, 50 şəhidimiz var, bütün Azərbaycanın qəlbi məhz Qarabağda, əsgərimizlə döyünür.
Belə həssas anlarda tarixin bütün dönəmlərində olduğu kimi yenə Türkiyədən, özü də ən yüksək həddə qardaşlıq dəstəyini hiss etməkdəyik. Güneydəki soydaşlarımız Qarabağda savaşmağa belə hazır olduqlarını söyləyərək bir daha haqqın və ədalətin yanında olduqlarını sərgilədilər. Bəli, məhz haqq və ədalətin. O ədalət ki, həm də allahın adıdır. İslam düşüncəsinə görə yaradan adildir, ədalətlidir. Elə isə allahın varlığına həqiqi inananlar da ədalət fəlsəfəsinə etiqadlıdırlar, ya da olmalıdır.
Təəssüf ki, dünyanın iki islam cumhuriyyətindən biri sayılan İran İslam Respublikası bu ilahi nemətdən nəsibini ala bilmədi. İranda hakimiyyətin zirvəsində peyğəmbər libasına bürünənlər təmsil olunsalar da , istər öz ərazisi daxilində yaşayan qeyri-farslara münasibətdə, istərsə də müsəlman qonşuları ilə davranışında nə islam, nə də insanlıq prinsiplərinə əsla riayət etmədi və etməməkdədir. Görünən budur ki, ən böyük ədalətsizliyi də məhz müsəlman türkə - Türkiyəyə, Azərbaycana və öz hüdudları daxilində yaşayan 40 milyonluq türk toplumuna qarşı gerçəkləşdirməkdədir.
44 günlük Vətən müharibəsi zamanı da İran əsl simasını ortaya qoydu. Gah Azərbaycan dronlarının sərhəd ərazilərdə uçmasından narahatlığını bildirdi, gah da öz ərazisindən Ermənistana silah, yanacaq daşınmasına imkan yaratdı. Həmin vaxt İranın silah daşımasına məhz bu ölkədəki soydaşlarımızın kəskin etirazından sonra ara verdiyi danılmaz faktdır...İran Ermənistan üçün sadəcə “nəfəslik” yox, hətta taybatay geniş açılmış “darvaza” rolunu oynadı. İran Azərbaycan torpaqlarının işğal altında olduğu dönəmdə işğalçı ölkəni hər şeylə, eləcə də hərbi təyinatlı materiallarla təchiz etdi və indi də bu fəaliyyətini davam etdirir.Üstəlik, sanki Azərbaycana acıq verilirmiş kimi, Ermənistan və İran rəsmilərinin qarşılıqlı səfərləri təkcə ikitərəfli əlaqələrin inikişafı istiqamətində görülən işlərlə yadda qalmayıb, rəsmi şəxslər bir-birlərinin ünvanlarına təriflər də yağdırıblar.Həmişə ermənipərəst mövqeyi ilə seçilən, Ermənistana hər cür yardımlar edən İran bu dəfə açıq kartlarla oynamağa başlayıb.Belə ki,“Armenpress” xəbər vermişdir ki, bu gün Ermənistanın baş naziri Nikol Paşinyan ilə İran Prezidenti İbrahim Rəisi arasında telefon danışığı olub.
Ermənistanın hökumət başçısı İ.Rəisini sərhəddəki vəziyyətlə bağlı məlumatlandırıb.
İbrahim Rəisi Cənubi Qafqaz regionunda yeni müharibənin qəbuledilməz olduğunu və İranın hadisələrin gedişatını diqqətlə izlədiyini deyib.
İran prezidenti vurğulayıb ki, regiondakı bütün münaqişələr sülh yolu ilə həll olunmalıdır və İranın dövlətlərin ərazi bütövlüyü ilə bağlı mövqeyi hamıya məlumdur.
İbrahim Rəisi ölkəsinin regionda sülhün bərqərar olmasına dəstək verməyə hazır olduğunu vurğulayıb və əlavə edib ki, Ermənistanın təhlükəsizliyi məsələsi İran üçün vacibdir.
Ermənistan təhlükəsizliyini qoruyan cənub qonşumuzun bizim ona münasibətimizdən asılı olmayaraq, yürütdüyü siyasəti lehimizə olmaması bir daha açıq-aydın sərgilənir. Biz uzun illərdir, İran haqqında gerçəkləri görməzdən gəlmə siyasəti yürüdürdük. Düzdür, bu siyasətin uğurlu olması hər zaman şübhə doğururdu, bununla belə, yürütdüyümüz yumşaq siyasət də Tehranı məkrli niyyətindən daşındırmadı. Yeri gəlmişkən, bu günlərdə Ermənistanın baş naziri Nikol Paşinyan da həqiqətləri gizlətməyib, Ermənistanın həm də İrana görə ötən əsrin 90-cı illərdə yaşaya bildiyini, İranın Ermənistan üçün nəfəslik olmasını vurğulayıb.Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasına mənfi münasibət ifadə edən fikirlər vaxtaşırı İranın kütləvi informasiya vasitələrində, ayrı-ayrı siyasətçilərin və din xadimlərinin çıxışlarında yer alır.Hamının yaxşı xatirindədir ki, 2021-ci il fevralın 26-da Prezident İlham Əliyevin xarici jurnalistlərlə mətbuat konfransında yeganə təxribatçı sualın müəllifi iranlı jurnalist oldu. Jurnalistin 44 günlük müharibədə Azərbaycan tərəfindən suriyalı muzdluların iştirak etməsi barədə ermənilərin iddialarını təkrarlaması heç də təsadüfi deyildi. Bu həmin mətbu orqanın bağlı olduğu dairələrin sifarişi idi və Prezident tərəfindən tutarlı cavabla susduruldu.
Bəli, bugündə Azərbaycanın həssas dönəmində bu cür münasibətin İranın Prezidenti tərəfindən Ermənistana bəyan edilməsi xüsusi narahatlıq, təəssüf və hiddət doğurur.Azərbaycan uzun illərdən sonra gücünü toparlayaraq işğalçını qovur, müsəlman məmləkətini azad edir. İlk dəfə müsəlman ölkə olaraq qələbə qazanırıq.Azərbaycan İranın “ürəyi” üçün Ermənistanla mübarizə aparmağa davam edir. Azərbaycan isə, hər iki ölkənin rəsmi açıqlamalarında qeyd etdiyi kimi “ortaq tarixə, mədəniyyətə və dinə sahib olan qardaş xalqın” Ermənistanla və son illərdə də Artsax Respublikası ilə sıx əlaqələri olması ilə barışa bilmir. “Dünya müsəlmanlarının himayəçisi” nədənsə bu hadisəyə sevinmir, əskinə, Ermənistanın ərazi bütövlüyünün pozulması ehtimalından narahat olur, tez-tələsik bəyanatlar verir, Ermənistan sərhədini “qırmızı xətt” adlandırır. Əslində isə “qırmızı xətt” Azərbaycan olmalı idi.Amma bir şeyi unutmaq olmaz, - hətta ən qatı düşmənçilik zamanı keçilməyən “qırmızı xəttər” var...
İran isə yenə Azərbaycana qarşı ənənəvi aqressiv siyasətini davam etdirməklə ciddi strateji yanlışlığa yol verir. Ən yüksək hərbi texnologiyaya və NATO-nun ikinci ən qüdrətli ordusuna malik Türkiyəni və nüvə dövləti Pakistanı yanına alan Azərbaycanla 90-cı illərin zəif və köməksiz Azərbaycanı kimi davranmaq kimsə üçün yaxşı heç nə vəd etmir.Azərbaycan ən zəif zamanlarında belə heç bir dövlətə daxili işlərinə qarışmağa, inkişaf dinamikasını əngəlləməyə imkan verməyibsə, bütün təzyiqlərə düzgün diplomatik fəaliyyət yürüdərək sinə gəlibsə, Ermənistana tutulan toydan sonra İranın nağara da yox, plastik vedrə arxası döyəcləməsini vecinə almayacaq. Ancaq gerçəkdən maraqlıdır: İran Azərbaycana hərbi təlimlərə hədə gəldiyi, mollalarının şirin quyruğunu quyuya atdığı bir ərəfədə Ermənistanın baş naziri Nikol Paşinyana bəh-bəhlə “ordan oturma, burdan otur” deyənlər nəyə nail olmaq istəyir? Doğrudanmı İran hələ anlamayıb ki, bundan sonra ermənilər Şuşanın bir çınqılını da Azərbaycandan ala, “Zəngəzur dəhlizi”nin açılmasına isə, kimsə mane ola bilməz?!
Bu qəbildən olan sualları sonsuza qədər uzatmaq olar.
Amma nə yazsaq, Mirzə Ələkbər Sabirdən sərrast ifadə edə bilməyəcəyik:
Hər nə еləsə, başda var əmmamə, a Mоlla!
Dinmə, tоxunur aləmi-islamə, a Mоlla!
Gahi yağışı, gahi müsəllanı danırsan,
Gahi öküzün üstə bu dünyanı danırsan,
Gahi buludu, ərşi-müəllanı danırsan,
Gəh cinni, gəhi quli-biyabanı danırsan,
Təsxirə girib çоx оxudun, azdın, a Mоlla!
Hər nə gəlib öz əqlinə sən yazdın, a Mоlla!
PS: Bundan əlavə, Azərbaycanda həm müxalifət, həm iqtidar bir gerçəyi qəbul etməlidir ki, biz "qonşu-qonşu”, - deməklə yağıdan dost, ayıdan qardaş olmayacaq!
Aygül Bağırova