Sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törətməsi nəticəsində Ordumuz düşmənin diversiya qruplarının fəaliyyətini zərərsizləşdirmək məqsədilə təxirəsalınmaz tədbirlər həyata keçirdi.
Ermənistan silahlı qüvvələrinin Basarkeçər, İstisu, Qarakilsə və Gorus yaşayış məntəqələri istiqamətində yerləşən bölmələri tərəfindən Azərbaycan Ordusunun Daşkəsən, Kəlbəcər və Laçın rayonları ərazisindəki bəzi mövqeləri, sığınacaqlar və dayaq məntəqələri müxtəlif çaplı silahlar, o cümlədən minaatanlardan intensiv atəşə tutulub.
Ermənistan silahlı qüvvələrinin təxribatının və ölkəmizin ərazisinə və suverenliyinə qarşı hərbi təhlükələrin qarşısının alınması, hərbi qulluqçularımızın, o cümlədən Kəlbəcər və Laçın rayonları ərazisində infrastruktur işlərinə cəlb olunmuş mülki işçilərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Azərbaycan Ordusunun bu istiqamətdə dislokasiya olunan bölmələri tərəfindən qəti cavab tədbirləri görüldü.
Nəticədə düşmən ciddi itkilərə məruz qaldı. Şərti sərhəddə baş verən düşmən təxribatlarının qarşısını alan zaman Azərbaycan Ordusunun 42, Dövlət Sərhəd Xidmətinin isə 8 nəfər hərbi qulluqçusu şəhid oldu. Şəhid xəbəri təbii ki, hər birimizi dərindən məyus edir, amma bizim yerləşdiyimiz coğrafiya və mövcud hərbi siyasi vəziyyət Ermənistan silahlılarının ardı arası kəsilməyən təxribatlarının qarşısının dinc yolla alınmasına imkan vermir. 34 illik Ermənistanla mövcud olan vəziyyət və 26 il davam edən danışıq prosesləri də göstərdi ki, sülh yolu ilə ermənilərin getdikcə ölkəmizə qarşı miqyası daha da artan ərazi iddialarının qarşısını almaq mümkün deyil.
Azərbaycan Ordusu Vətən Müharibəsində Ermənistanı məğlub etdi. Lakin erməni təxribatları bitmirsə, biz cavab vermək məcburiyyətində qalırıq. Son olay da ölkəmizə və hərbi bölmələrimizə qarşı ardıcıl həyata keçirilən təxribatların hansı acı nəticələrə gətirib çıxaracağını bir daha nümayiş etdirdi.
Son zamanlar Ermənistan ciddi cəhdlə revanşa, yeni hərbi əməliyyatlara və hücuma hazırlaşması sirr deyildi və bunu Paşinyan da son dəfə parlamentdəki çıxışında “Hamı bilirdi ki, müharibə olacaq” bəyanatı ilə təsdiqlədi. Həm Qarabağda, həm də sərhəddə artan təxribatlara Azərbaycan Ordusu məhz Ermənəstanın ərazisində cəmi 7 saat davam edən unikal əməliyyatla cavab verməklə mənfur düşmənin bütün bu planları alt-üst etdi. Bu döyüşlərdə Azərbaycan Ordusu və DSX-nin 50 nəfərdən ibarət şəhid verməsi geniş müzakirələrə səbəb oldu. Daha çox sosial şəbəklərdə itkilərimizin çox olmasına dair səslənən fikirlərə münasibət bildirmək istəyirəm. Təbii ki, 1 nəfər belə şəhid olması bizim üçün çoxdur. Amma itkisiz döyüş və əks hücum resepti hələ mövcud deyil. Bilən varsa yazsın, maariflənək.
Həyatında düşmənə güllə atmayan, əsgərlik görməyən və ordu ilə heç bir əlaqəsi olmayan birinin məhz həmin 50 şəhidimizn sayəsində əldə olunan nailiyyətləri görməzdən gəlməsi və “itkilərin çox olması ilə bağlı strateji araşdırmalar” dərc etməsi təəssüf hissi doğurur. Əgər bəziləri bilərəkdən cəmi 7 saat ərzində qəhrəman Ordumuzun əldə etdiyi nailiyyətlərdən xəbəri yoxdursa, o zaman bunları bir daha sadalamaq məcburiyyətindəyəm:
Ermənistan Silahlı Qüvvələrinin Laçın, Kəlbəcər və Zəngilan istiqamətində atəş açdığı bütün hərbi təyinatlı obyektlər və dayaq məntəqələri darmadağın edilib. Azərbaycan ərazilərinin təhlükəsizliyinə təhdid yaradan bu obyektləri bərpa etmək üçün Ermənistana küllü miqdarda vəsait və ən azı 4-5 il zaman lazımdır.
Azərbaycan həmin bölgədə bütün nəqliyyat-kommunikasiya sistemini, çox mühüm yüksəklikləri nəzarətə götürüb. İrəvan-Qafan yolu Ordumuzun nəzarəti altındadır. Ermənistan Azərbaycana qarşı nə indi, nə də gələcəkdə heç bir real təhlükə yarada bilməyəcək.
Ermənistanın xeyli sayda hərbi texnikası, milyarddan artıq dəyəri olan iki S-300 kompleksinia atıcı qurğusunu, radiolokasiya stansiyasını, 200 nəfərə yaxın canlı qüvvəsini, çoxlu sayda hərbi obyektinivə onlarla döyüş məntəqəsini məhv edilib. Ermənistanda yüzlərlə yaralı var. İtkinlər, səngərlərdə ölüb qalanlar və əsir düşənlər barədə İrəvan hələ də susmaqda davam edir. İstənilən halda Ermənistanın bütün parametrlərə görə itkiləri Azərbaycandan bir neçə çoxdur.
“İtkilərin çox olması ilə bağlı strateji araşdırmalar” dərc edən vətəndaşlarımıza bir neçə sualım var:
1. Son bir ay ərzində Ermənistan silahlı qüvvələrinin dövlət sərhədinin Laçın, Gədəbəy, Daşkəsən və Kəlbəcər rayonları istiqamətində təxribatların, Azərbaycan Ordusunun həmin rayonların ərazisindəki mövqelərinin müxtəlif çaplı silahlardan atəşə tutulması hallarının qarşısının alınması və gələcəkdə təkrarlanması üçün Azərbaycan Ordusu nə etməli idi?
2. Ermənistan tərəfindən Azərbaycan sərhədləri boyunca hücum təyinatlı silahların, ağır artilleriya vasitələrinin və şəxsi heyəti cəmləşdirməsinin qarşısını itkisiz şəkildə necə ala bilərdik?
3. İlk atəşi düşmən qəfil və bir neçə istiqamətdən açırsa, o zaman itkidən şəxsi heyəti kim və neçə tam həcmdə sığortalaya bilər?
4. Tarixi torpaqlarımızda yerləşən və bizə qarşı atəş açılan düşmən mövqelərin silahlılardan təmizlənməsi və orada Azərbaycan Əsgərinin yerləşdirilməsinin itkisiz resepti mövcuddurmu?
2 il əvvələ qədər “Düşmən Ağdamın Çıraqlı kəndi istiqamətində yerləşən Ordumuzun mövqelərini atəşə tutub” açıqlaması ilə “Azərbaycan Ordusu düşmənin Qafan, Zod və İstisuda (Cermukda) yerləşən hərbi hissələrini darmadağın edib” və ya “Laçın, Kəlbəcər və Zəngilan istiqamətində Azərbaycan Ordusunun mövqelərinə qarşı müxtəlif çaplı silahlardan və artilleriya qurğularından atəs açan düşmənin bütün hərbi təyinatlı obyektlər darmadağın edilib” arasında doğrudanmı fərqi hiss etmirik? Doğrudanmı bu gün bəzilərimiz son 100 ildə ilk dəfə Göycə gölünə, Basarkeçərə, Qarakilsəyə, Qafana və digər tarixi torpaqlarımıza bu qədər yaxın olduğumuzu və bunun məhz şəhidlərimizn sayəsində mümkün olduğunu anlamaq istəmir? Sadaladıqlarımın hamısının birlikdə demirəm, heç olmasa hər hansı birinin itkisiz mümkün ola biləcəyinə dair kimin təklifi varsa, lütfən yazsın. Bu bəndlərin hər birini real təkliflərini yazan istənilən şəxslə istənilən platformada və ya canlı yayımda müzakirə etməyə də hazıram.
Şəhidlərimiz tək ailəsinə, tək nəslinə aid deyil, onlar artıq 50 milyonluq xalqımızın övladlarıdır. Azərbaycanımızın mövcud olduğu müddətdə şəhidlərimiz əziz xatirəsi qəlbimizdə daim yaşayacaq. Bizim üçün hər bir şəhid Vətən və Qələbə rəmzidir. Şəhidlərimizn hər biri, xüsusilə də son 50 şəhidimizin hər biri tarixi ərazilərimiz olan Qərbi Zəngəzura qayıdışımızı təmin edən əsl qəhrəmanlardır. Məhz bu qəhrəman şəhidlərimizin sayəsində biz bu gün bir gözümüzdə yaş, bir gözümüzdə sevinc, Ermənistan-Azərbaycan münaqişəsinin 34 illik tarixi ərzində ilk dəfə tarixi torpaqlarımızda yerləşən Ermənistan silahlı qüvvələrinə aid hərbi infrastrukturunun və döyüş mövqelərinin darmadağın edilməsinin, həmin ərazidə təxribatlara cəhd edən yüzlərlə düşmənin canlı qüvvəsinin və milyard dollarlıq silah sistemlərinin zərərsizləşdirilməsinin qürurunu yaşayırıq.
İstənilən döyüş ən azı canlı qüvvə, hərbi infrastruktur və texniki vasitələrin itkiləri ilə müşaiyət olunur. Düzənlik ərazidə müdafiə olunan tərəfin itkiləri isə hücum edən tərəfin itkilərindən adətən 3 dəfə çox olur. Dağlıq ərazilərdə bu itki 5 dəfəyə qədər arta bilər. Son iki cümlənin hər biri hərfi döyüş meydanın həlak olan əsgərlərin qanı ilə yazılıb.
Son döyüşlərdə şəhid olan qəhrəmanlarımızın sayına gəldikdə isə biz 1-ci Qarabağ müharibəsi zamanı daha çox itkilər verirdik və əraziləri də itirirdik. 1992-ci ildə tək Fərrux dağında bir neçə dəfə, gündə yüzlərlə gənc əsgərimizin şəhid olmasını və ərazinin də sonda düşmənin əlinə keçməsini xatırlayıram. Yaxud da 1992-ci ilin 7 oktyabrında Laçın dəhlizində 45 nəfərlik bölüyün 15 nəfərini şəhid, yaralı və itkin olaraq itirdim, şəxsi heyəti qorumaq məqsədilə yuxarı komandanlığın israrlı əmrlərindən sonra strateji dəhlizi düşmənə təslim etdim. Odur ki, döyüşdə və ya müharibədə kimsə, xüsusilə də düşmən üzərinə hərəkət edən bölmə itkidən sığortalana bilməz. Bu məsələyə itkilərin əldə olunan nailiyyətlərə adekvat olması baxımından yanaşılmasını daha doğru hesab edirəm.
Başqa bir fakt. Azərbaycan Vətən müharibəsində orta hesabla hər gün döyüşlərdə 67 nəfər itki verməklə 110 kv.km ərazi əldə edib. Amma bu göstəricilər müharibənin ilk günü üçün keçərli deyil. Müharibənin ilk günündə itkilərimiz 3-4 dəfə artıq, azad etdiyimiz ərazi isə 3 dəfəyə qədər daha az idi və bu müharibə qanunlarına zidd deyildi. Çünki düşmənin 1-ci eşalonunun yarılması daha çox itkilərlə və ləng hücum templəri ilə fərqlənir. Son döyüşlərdə isə 50 şəhidimizn sayəsində 100 kv.km-dən çox ərazinin, həm də tarixi torpaqlarımızda yerləşən və çətin relyefə maik bir çoğrafiyanın azad edilməsi ilə nəticələnib. Bunun düşmənin 2 il ərzində möhkəmləndirdiyi 1-ci eşalonun yarılması ilə həyata keçirildiyini unutmalı deyilik. Dünya hərb tarixində bir yüksəklik və ya əlverişli mövqe uğrunda dəfələrlə çox itkiyə baxmayaraq nəticənin əldə olunmamasına dair nümunələr kifayət qədərdir.
Odur ki, hər birimiz Azərbaycanımız, Şəhidlərimiz və bənzər həssas mövzularda fikir bildirəndə daha diqqətli olmalıyıq. Heç kim şəhid yaxınlarını üzməyə və qəhrəmanlarımızın əldə etdiyi Qələbənin miqyasını kiçiltməli deyil. Onların hər biri başımızın tacıdır, onların sayəsində biz qalib xalqa çevrilmişik və bu gün tarixi torpaqlarımızda düşməni ağır itkilərə məruz qoymuşuq. Bunu heç birimiz unutmalı deyilik.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Ədalət Verdiyev, hərbi ekspert
moderator.az