Azərbaycanın BƏƏ-dəki səfiri Mahir Əliyev Somalinin Birləşmiş Ərəb Əmirliklərindəki müvəqqəti işlər vəkili Ahmed Daahir Mohamed ilə görüşmüşdür.
Newscenter.az səfirliyə istinadən xəbər verir ki, görüş zamanı A.D.Mohamed, Somali ilə Azərbaycan arasında beynəlxalq təşkilatlar, xüsusilə BMT və İƏT çərçivəsində yüksək səviyyəli əlaqələrdən məmnun olduqlarını və Azərbaycanın ölkəsinə dəstəyini yüksək qiymətləndirdiklərini vurğuladı. Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsindən şad olduqlarını diqqətə çatdırdı.
Somalinin zəngin resurslara, neft ehtiyatlarına və əlverişli coğrafi mövqeyə malik olduğunu qeyd edən A.D.Mohamed, xüsusilə dənizdə neft istehsalı ilə bağlı xarici tərəfdaşlara ehtiyaclarının olduğunu bildirdi. O, Azərbaycanın neft sənayesindəki təcrübəsini və bu sahədə dünyadakı mövqeyini nəzərə alaraq, neft istehsalı, neft üzrə mütəxəssislərin hazırlanması və bu istiqamətdə ən müasir texnologiyadan istifadə ilə bağlı ölkəmizlə əməkdaşlıq etmək arzusunda olduqlarını qeyd etdi.
Səfir Mahir Əliyev Azərbaycanın Somali ilə əməkdaşlığı yüksək qiymətləndirdiyini bildirərək, bu ölkənin, xüsusilə Ermənistanın təcavüzünə qarşı beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycana verdiyi dəstəyin ölkəmiz üçün böyük əhəmiyyətə malik olduğunu vurğuladı. Azərbaycanın zəngin neft tarixinə malik olduğunu qeyd edərək, ölkəmizdə neft sahəsində qabaqcıl ali məktəblərin fəaliyyət göstərdiyini və Somalidən olan tələbələrin orada təhsil almaq imkanlarının mövcud olduğunu diqqətə çatdırdı.
Daha sonra Ermənistanın ölkəmizə qarşı təcavüzü və baş verən son proseslər barədə Somalili diplomata ətraflı məlumat verilib.
Mehman