Azərbaycanda hərbi vəzifəli şəxsdən hədə-qorxu ilə pul tələb edən xəbər portalının rəhbəri həbs olunub.
Newscenter.az-ın xəbərinə görə, bu barədə Baş Prokurorluq və Dövlət Təhlükəsizliyi Xidməti (DTX) birgə məlumatı yayıb.
Bildirilib ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən “realxeber.org” internet saytının və eyni adlı yutub kanalının idarəçisi Zaur Qafarovun hərbi qulluqçudan barəsində həqiqətə uyğun olmayan rüsvayedici məlumatları yayma hədəsi ilə pul tələb etməsi barədə DTX-dən daxil olan məlumat əsasında əməliyyat-axtarış tədbirləri keçirilib.
Əməliyyat-axtarış tədbirləri ilə Zaur Qafarovun video-foto montaj vasitəsi ilə İkinci Qarabağ müharibəsi iştirakçısı olan hərbi vəzifəli şəxs barəsində sonuncunun guya hərbi qulluqçu adına yaraşmayan işlərlə məşğul olmasına dair nüfuzdan salan və həqiqətə uyğun olmayan video-çarx hazırlayaraq idarə etdiyi media platformalarına ictimaiyyətə açıq şəkildə qəsdən yerləşdirməsinə, həmin videogörüntülərin daha geniş ictimai kütlə arasında yaymaqla hədələyib bunun müqabilində sonuncudan pul tələb etməsinə əsaslı şübhələr müəyyən edilib.
Toplanan ilkin sübutlar əsasında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmaqla Zaur Qafarova həmin Məcəllənin 182.1-ci (Hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
"Hazırda təqsirləndirilən şəxsin eyni xarakterli əməllərindən zərər çəkən digər şəxslərin müəyyən edilməsi istiqamətində istintaq davam etdirilir", - birgə məlumatda qeyd olunub.